EN

“Pakistan bazarı Azərbaycan üçün böyük turizm potensialı yaradır”-Akif Nəsirlİ

Pakistan kimi böyük və sürətlə böyüyən turizm bazarında Azərbaycanın təqdim olunması ölkəyə turist axınının artmasına ciddi müsbət təsir göstərə bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli  QHT.az-a açıqlamasında bildirib  ki, xüsusilə “Pakistan Travel Mart 2026” sərgisi və “PTM Roadshow” kimi peşəkar platformalar Azərbaycanın turizm potensialının tanıdılması baxımından effektiv vasitədir. Onun sözlərinə görə, bu cür tədbirlər ölkənin zəngin mədəni irsini, təbii gözəlliklərini, müasir infrastrukturunu və təhlükəsiz turizm mühitini birbaşa hədəf auditoriyaya çatdırmağa imkan yaradır.

Pakistan əhalisinin çoxluğu və orta təbəqənin genişlənməsi xarici səyahətlərə marağı artırır. Azərbaycan isə coğrafi yaxınlığı, sadələşdirilmiş viza rejimi, halal turizm imkanları və münasib qiymətləri ilə pakistanlı turistlər üçün cəlbedici istiqamətə çevrilə bilər.

Ekspert qeyd edib ki, sərgi və tanıtım tədbirləri çərçivəsində turizm şirkətləri arasında qurulan əməkdaşlıqlar, birbaşa əlaqələr və tur paketlərinin təşviqi real turist axınına çevrilə biləcək əsas mexanizmlərdir.

O əlavə edib ki, bu təşəbbüslər Azərbaycanın beynəlxalq turizm bazarında brend kimi tanınmasına da xidmət edir. Pakistan bazarında ölkə haqqında məlumatlılığın artması gələcəkdə fərdi və ailəvi səyahət qərarlarında Azərbaycanın seçilmə ehtimalını yüksəldir.

Nəticə etibarilə, bu kimi addımlar yalnız qısamüddətli turist sayının artımına deyil, həm də Azərbaycan-Pakistan turizm əlaqələrinin dərinləşməsinə, bazarın şaxələndirilməsinə və ölkənin beynəlxalq turizm xəritəsində mövqeyinin güclənməsinə töhfə verə bilər.

Zəhra Ağayeva

Chosen
27
qht.az

1Sources