EN

Bakı niyə sürüşür? “Yaşıllaşdırma İdarəsinin təkbaşına işi belə fəsadlara səbəb olur”

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son günlər yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ, Səbail rayonun bəzi ərazisində sürüşmə hadisəsi qeydə alındı. 

Bir neçə gün öncə Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə yamacın yuxarı hissəsində baş verə biləcək torpaq sürüşməsi təhlükəsi ilə bağlı aidiyyəti qurum tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət daxil olmuşdu. 

Bu müraciət nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilmişdi. 

Bundan başqa, Səbail rayonunun ərazisində yerləşən Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yarandığı üçün hərəkət qismən məhdudlaşdırıldı. Xatırladaq ki, Bibiheybət yolunda baş verən torpaq sürüşməsi ilk hadisə deyil. 

Ümumiyyətlə, intensiv yağışlar yağarkən paytaxtın müxtəlif ərazisində sürüşmələrin baş verməsi adi hal alıb. Bakıda sürüşmələrin baş verməsinin əsas səbəbləri nədir? Paytaxtın relyefimi, torpaq quruluşumu buna yol açır? 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitunun Landşaftşünaslıq və Təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Mirnuh İsmayılov “Cebheinfo.az”-a bildirib ki, son zamanlar intensiv yağışlı havaların keçməsi ölkənin bütün ərazisində, xüsusilə də dağlıq ərazilərdə güclü ekzogen geomorfoloji prosesləri intensivləşdirib: 

“Bunun müəyyən təzahürləri Bakı, Abşeron yarımadası ərazisində də müşahidə edilməkdədir. Bu hadisələrin baş verməsi də məlum idi. Yəni bunlar olmalı idi. Ancaq bu sürüşmələr Bakının relyef xüsusiyyətləri, suxurların litoloji tərkibi, suxur laylarının yatım xarakteri, aşınma prosesləri, aşınmış materailların toplanması və ən nahəyət, bunlarla yanaşı antropogen təsirlərlə əlaqədar olaraq sürüşmələr baş verir. 

Adətən sürüşmələrin təbii əsası var. Yəni təbii olaraq bu ərazidə müəyyən təsərrüfat fəaliyyəti həyata keçiriləndə sürüşmənin baş verə biləcəyini görmək mümkündür. Belə elmi əsaslandırmalar alimlər tərəfindən dəfələrlə irəli sürülüb. Antropogen təsirlər sadəcə olaraq təbii prosesləri intensivləşdirir. 

Antropogen təsirin də yükü var. Hər bir yamac, relyef forması üstündə yaranan antropogen yük, ekoloji normalara uyğunlaşmalıdır. Əgər uyğunlaşmırsa, gördüyümüz kimi sel, sürüşmə, sürüşmə uçqunları və s. baş verir”. 

Alimin sözlərinə görə, Abşeron, Sumqayıt və Bakı ərazisində çox az suyu olan çaylar var: 

“Məsələn, Sumqayıtçay, Pirsaat kimi çaylarda ilin çox dövründə demək olar ki, su olmur. Ancaq son intensiv yağışlar nəticəsində hətta bu çaylardan palçıqlı sellər keçdi. 

Bu da ətraf yaşayış məntəqələrinə və yaxud təsərrüfat sahələrinə müəyyən ziyan vurdu. Müəyyən qədər də sürüşmələrin intensivləşməsinə səbəb oldu. Xüsusilə çay sahillərində sürüşmə uçqunlar intensivləşdi. Konkret olaraq Abşeron yarımadası və Bakı ərazisində bu proseslərin baş verməsinin bir qədər də mürəkkəb tərəfləri var. 

Mürəkkəb tərəfi məskunlaşmanın düzgün aparılmamasıdır. Eləcə də suötürücü qurğuların düzgün işləməmisidir. Suvarma sistemlərinin və yaxud əhaliyə su paylama sistemlərinin yetərincə sağlam olmaması kimi səbəblər toplandıqda nəticədə yeraltı suların axınına təsir göstərir. 

Yeraltı sular, yamac proseslərini müəyyən ərazidə intensivləşdirə bilər. Bakının ən böyük problemlərindən biri də hidrogeoloji şəraitin hədsiz dərəcədə pozulmasıdır. Demək olar ki, Bakı ərazisində hidrogeoloji şərait çox acınacaqlı vəziyyətdədir. Bu sahədə xüsusi mütəxəssislərimiz var. 

Məsələn, hidrogeoloji geoloqlarımız var ki, bunları öyrənirlər. Onlar da bunu dəfələrlə qeyd ediblər. Yəni Abşeron rayonu ərazisində vəziyyət heç də ürəkaçan deyil. Müşahidə edilən son sürüşmə hadisələrinə baxaq. Əvvəllər də qeyd etmişdik ki, bu ərazilərdə sürüşmələrin olması gözlənilir. 

İntensiv yağışlar dövründə ehtiyatlı olmaq lazımdır. Xüsusilə də Bayıldan Bibiheybətə qədər uzanan bu yamaclar əsasən çöküntülər, aşınma materialları ilə hədsiz dərəcədə yüklənib. Bu ərazilərdə xüsusilə də yaşıllaşdırma işləri aparanda çox ehtiyatlı olmaq lazımdır. 

Su tələbatı hədsiz dərəcədə az olan, quraqlığa dözümlü bitkilərdən istifadə etmək lazımdır. Belə bitkilər Azərbaycan florasında kifayət qədər var. 

Seçim etmək, öyrənmək, mütəxəssislərlə danışmaq lazımdır. Ölkədə meşəsalma üzrə kifayət qədər mütəxəssis var. Sadəcə olaraq Yaşıllaşdırma İdarəsinin bu işi təkbaşına yerinə yetirməsi belə fəsadlara səbəb olur”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

sürüşmə Mirnuh İsmayılov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
cebheinfo.az

2Sources