EN

İran - ABŞ savaşında qalib kimdir – Azərbaycanlı analitiklərin ÇARPAZ baxışları

ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, yekun sülh razılaşmasına nail olmaq üçün intensiv danışıqlar aparacaqlar. Razılaşmanın əsas şərtləri belədir: ABŞ hücumları dayandırıb, İran Hörmüz boğazı üzərindən keçidin təhlükəsizliyinə zəmanət verib. Qeyd edək ki, danışıqlar İslamabad şəhərində baş tutacaq.

Bəs bu münaqişədə qalib kimdir – İran, yoxsa ABŞ?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu müharibədə qalib yoxdur:

“Hər tərəf qazandığını iddia etməyə çalışsa da, nə ABŞ və İsrail Tehrana, nə də İran bu ölkənin paytaxtlarına bayrağını sancıb. Müharibə nəticəsində ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıldı, ancaq rejim böyük itkilərə rəğmən, ayaqda qaldı. İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə və ballistik raket istehsalını bərpa edərsə, deməli İrana qarşı müharibənin ABŞ və İsrail üçün uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq”.

Mən

Onun fikrincə, orası da var ki, İrandakı rejim ölkə iqtisadiyyatını, iş yerlərini bərpa etməli, maaşları verməli, bir sözlə, 90 milyonliq əhalinin təminatlarını ödəməlidir:

“Əgər müharibədən əvvəl İran iqtisadiyyatı dəhşətli inflyasiya ilə üzləşmişdisə və dükan sahibləri etiraza qalxmışdılarsa, müharibənin ağır nəticələrini ortadan qaldırmaq və sosial problemlərin həlli daha da çətinləşib. İranın ən yaxın tərəfdaşı Çinin bu ölkəyə yatırım qoyacağı problematikdir. Pekinin təminatı yoxdur ki, İran yeni müharibə ilə üzləşməyəcək. Həqiqətən müharibənin bitdiyini söyləmək çətindir. Fasilə götürülüb. Atəşkəs kövrəkdir. Bu dünyada heç imzalanan sazişlər yerinə yetirilmir, o ki qala tərəflər atəşkəsə riayət etsinlər".

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, hər iki tərəf özünü “qalib” elan etsə də, reallıq ziddiyyətlidir:

“İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ üzərində qələbə qazandıqlarını düşünür. İddia edirlər ki, Vaşinqton Tehranın 10 maddəlik planını qəbul etməyə məcbur olub. İranın Hörmüz boğazı üzərində nəzarəti davam edəcək, uranın zənginləşdirilməsi qəbul edilib, bütün sanksiyalar ləğv edilir, qətnamələr ləğv olunur, dəyişmiş ziyan ödənilir, Amerika qüvvələri bölgədən çıxarılır, Hizbullaha qarşı müharibə dayanır… Atəşkəsin bu şərtlər çərçivəsində qəbul edilməsi reallıqdan uzaqdır”.

Asif

Onun dediyinə görə, birincisi, bu şərtlər ABŞ-ın 15 maddəlik təslim planına cavab olaraq hazırlanmışdı və tərəflər razılaşa bilmədikləri üçün hücumlar davam etdirildi:

“İkincisi, razılaşma ABŞ-ın “sivilizasiyanın məhv edilməsi” hücumuna saatlar qalmış əldə olundu. O deməkdir ki, geri çəkilən tərəf İrandır. Lakin İranın geri çəkilməsi ABŞ-ın təslim aktını qəbul etməsi demək deyil. Bu kontekstdə Trampın “100 faizlik qələbə” iddiası da reallığa uyğun gəlmir. ABŞ İran müharibəsində yekun hədəflərinə nail ola bilmədi, xüsusilə rejimin “sağ qalması” fonunda. İranın Hörmüzü bağlamaqla yaratdığı qlobal iqtisadi problemlər müharibənin gedişində Vaşinqtonun prioritetlərini boğazı açmaq və “masada razılaşma ilə üstünlük əldə etmək” istiqamətində dəyişdirdi. Atəşkəs razılaşması da buna istinadən qəbul olunub”. Ekspertə görə, hadisələrin inkişafı danışıqlar prosesində aydınlaşacaq: “Danışıqların mahiyyəti isə müharibədən fərqlidir. Burada “mütləq qalib” olmur, sülh üçün hər iki tərəf güzəştə getməlidir. Bu baxımdan, “kim qalib gəldi” sualı açıq olaraq qalacaq”.

Siyasi

Yaxın Şərq üzrə siyasi şərhçi Kənan Rövşənoğlu isə bildirir ki, bu məsələdə qələbə amili yoxdur:

"ABŞ-a müharibəni dayandırmaq üçün səbəb lazım idi. O da son anda əldə olundu. Əlbəttə, birbaşa klassik mənada qələbə ortada yoxdur. Hətta hələ razılaşma belə yoxdur, amma əsas olan müharibə dayandı, sülh üçün zəmin yarandı. Hər şey yekun razılaşmadan asılı olacaq. Lakin müharibəni İranda rejim dəyişikliyi həyata keçirmək və İranın hərbi gücünü sıradan çıxarmaq hədəfi elan edərək (hətta İran neftini ələ keçirmək də daxil idi) başlayan tərəfin yarımçıq dayanması İran üçün uğurdur. Qalanı sülh danışıqları nəticəsində müəyyən olunacaq".

Xalidə Gəray
Musavat.com

Chosen
6
2
musavat.com

3Sources