EN

"ABŞ-İran atəşkəsi müvəqqətidir" - Açıqlama

ABŞ və İran arasında son günlər artan gərginlik beynəlxalq diqqət mərkəzinə düşüb. Siyasi və hərbi təzyiqlərin fonunda əldə olunan iki həftəlik atəşkəs müvəqqəti xarakter daşıyır və müharibə təhlükəsi hələ də qalır. 

Milli Məclisin deputatı Azər Badamov News365.az-a açıqlamasında ABŞ və İran arasında yaranmış gərginliklə bağlı fikirlərini bölüşüb.

Deputat qeyd edib ki, son günlər tərəflər arasında əldə olunmuş iki həftəlik atəşkəs müvəqqəti xarakter daşıyır və qarşıdakı mərhələdə hərbi əməliyyatların bərpası ehtimalı hələ də yüksəkdir.


Azər Badamov bildirib ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə İrandan danışıqlara dair təkliflər aldığını açıqlasa da, Tehran bu bəyanatları dərhal təkzib edib və öz şərtlərini ortaya qoymuşdu. Deputatın sözlərinə görə, Trampın İranı “qədim bir sivilizasiyanın məhv olacağı” ilə hədələməsi birbaşa danışıqlar çağırışı kimi qiymətləndirilməlidir.

“Vaxtın bitməsinə bir saat qalmış Pakistan baş naziri Şahbaz Şərif Trampla əlaqə saxlayaraq İranın iki həftəlik atəşkəsə razı olduğunu bildirib. Tramp dərhal buna cavab verərək əməliyyatların dayandırılmasına göstəriş verdi. Bu, ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq İranın mövqeyindən geri çəkilmədiyini göstərir”, – deputat qeyd edib.

Deputat vurğulayıb ki, atəşkəs müharibənin sonu deyil. ABŞ və İran arasında danışıqların hansı şərtlər əsasında davam edəcəyi və tərəflərin qarşılıqlı güzəştlərə gedəcəyi gələcəkdə situasiyanın necə inkişaf edəcəyini müəyyən edəcək. “Əks halda hərbi əməliyyatların yenidən başlaması istisna deyil və bu, heç bir tərəfə üstünlük qazandırmayacaq”, – Badamov əlavə edib.

Chosen
14
news365.az

1Sources