EN

İki həftəlik atəşkəsin İLGİNC DETALLARI KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ-ın təşəbbüsü ilə irəli sürülən iki həftəlik hərbi fasilə regionda nisbi sakitlik yaradıb. İsrailin müəyyən şərtlərlə bu təşəbbüsü dəstəkləməsi və İranın qarşılıqlı addımlar atmağa hazır olduğunu bildirməsi, tərəflər arasında diplomatik dialoqun mümkünlüyünü yenidən gündəmə gətirib. Beynəlxalq ictimaiyyət isə bu qısa fasilənin daha geniş razılaşmalar üçün başlanğıc ola biləcəyini diqqətlə izləyir.

Bəs bu iki həftəlik atəşkəs uzunmüddətli sülh sazişinə çevrilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında əldə olunan atəşkəsə İsrail də əməl etməlidir.

“İran tərəfinin əsas şərtlərindən biri Livanda Hizbullah-a qarşı hərbi əməliyyatların dayandırılmasıdır.

İsrailin Baş naziri Benyamin Netanyahu bu atəşkəsin öz siyasi mövqelərinə təsir edəcəyini düşündüyü üçün Livandakı əməliyyatların da razılaşmaya daxil olduğunu vurğulayır. ABŞ administrasiyası İsraili bu razılaşmaya riayət etməyə məcbur edə bilər. Bu kontekstdə ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən “sülhə doğru irəliləyiş” mesajları diqqət çəkir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, mövcud vəziyyətdə tərəflərdən heç biri tam qalib sayılmır.

“İsrail istədiyi nəticəni əldə etməyib və danışıqlar prosesində aktiv tərəf kimi yer almır. Eyni zamanda, İran da ciddi zərbələr alsa da, siyasi rejimini qoruyub saxlayıb və müəyyən üstünlüklər əldə edib.

İran tərəfi artıq 10 maddəlik plan təqdim edib, ABŞ isə 15 bənddən ibarət təklif paketi üzərində işləyir. Bu isə tərəflərin danışıqlar masasında daha bərabər statusda təmsil olunmasına şərait yaradır”.

Politoloqun qənaətincə, iki həftəlik atəşkəs razılaşması düzgün idarə olunarsa, uzunmüddətli sülhə çevrilə bilər.

“Beynəlxalq ictimaiyyət də atəşkəsin pozulmasına qarşıdır və xüsusilə İsrailin bu razılaşmanı pozmasına imkan verilməyəcək.

Beləliklə, regionda hazırkı proseslər göstərir ki, qısa müddətli fasilə tərəflər arasında daha geniş razılaşmalar üçün zəmin yarada bilər, lakin bunun reallaşması tərəflərin siyasi iradəsindən və qarşılıqlı kompromisə hazırlığından asılı olacaq”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
konkret.az

2Sources