EN

Akademik Telman Əliyevin elmi əsərlərinin biblioqrafiyası çapdan çıxıb

Bakı, 8 aprel, AZƏRTAC

İnformatika sahəsində tanınmış alim, Əməkdar elm xadimi, AMEA-nın müşaviri akademik Telman Əliyevin 90 illik yubileyi münasibətilə həyat və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

Biblioqrafiya AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Görkəmli elm xadimləri” seriyasında nəşr olunub və burada fizika-riyaziyyat elmləri doktoru, akademik T.Əliyevin elmi fəaliyyətinin əsas tarixləri əks olunub.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.

Laborant vəzifəsində iş fəaliyyətinə başlayan alim sonralar institut direktoru, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Ali Attestasiya Komissiyasının Rəyəsət heyətinin üzvü, AMEA-nın elmi müşaviri vəzifələrində çalışıb.

O, 13 elmlər doktoru və 37 fəlsəfə doktoru yetişdirib, 462 elmi əsərin, o cümlədən 35 monoqrafiyanın və 132 patentin müəllifidir. Akademikin əldə etdiyi elmi nəticələr “Eksperimental analiz” (“Eksperimental analiz”) və “Osnovı analiza pomex” (“Küy analizinin əsasları”) adlı dərsliyə çevrilib. Onun bir neçə məqaləsi “Springer” nəşriyyatında dərc edilib.

Biblioqrafiyanın elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.

Vəsait texnika elmləri sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Chosen
2
2
azertag.az

3Sources