
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan olunmuş atəşkəsi alqışlayır.
AFN.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub. Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir.
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", — deyə bəyanatda vurğulanıb.
Sonda qeyd edilib ki, Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır.