Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Prezident İlham Əliyev barədə səsləndirdiyi müsbət fikirlərə görə Azərbaycanda radikal müxalifət tərəfindən tənqid edilməsinə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev dövlətçi şəxsdir.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidenti həmişə dövlətin maraqlarını, onun problemlərinin həllini, inkişaf məsələlərini üstün tutur: “Bu cəhət digər ölklərdə siyasi dairələrin diqqətini cəlb edir. Bir çox xarici ölkələrdə cənab Prezident barəsində həm iqtidar, həm də müxalifət dairələri müsbət fikirlər söyləyirlər. Cənab Prezidentimizin dövlətçilik xüsusiyyətləri onların diqqətini cəlb edir. Onlar da öz ölkələrində belə liderlik keyfiyyətlərini görmək istəyirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Gürcüstana son səfərində həm iqtidar, həm də müxalifət onun barəsində yüksək fikirlər söylədi. Azərbaycan heç vaxt qonşu dövlətlərin daxili işlərinə qarışmır, hansısa siyasi qüvvəyə üstünlük vermir. Azərbaycan daxilində kimlərinsə başqa ölkələrin daxili siyasətini müzakirə etməsi artıq onların siyasi dünya görüşünün bir hissəsidir. Görünən budur ki, cənab Prezidentimizin Gürcüstana səfəri uğurla keçdi, həm iqtidar, həm də müxalifət cənab İlham Əliyev haqqında müsbət fikirlər söylədi, Azərbaycan təcrübəsi öyrənilməyə, müşahidə edilməyə cəlb edilən bir məsələ oldu”.
Aytəkin Qardaşova