EN

Bakıda sənaye sahəsi üzrə əmək yarmarkası: 300-dən çox vakansiya təqdim olunur

Bakı, 8 aprel, AZƏRTAC

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı birgə əmək yarmarkası təşkil edir. Əmək yarmarkasında Peşə Təhsil Mərkəzinin məzunları və sonuncu kurs tələbələri iştirak edir. Yarmarkada 30-dan çox müəssisə 300-dən çox vakansiya təqdim edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Regional Məşğulluq filialının müdiri Habil Əliyev deyib. O bildirib ki, təqdim edilən vakansiyalar sənaye sahəsi üzrə olan peşələrdən ibarətdir: "Əmək bazarının tələblərinə uyğun peşə və bacarığı olan vətəndaşlarımız özünə uyğun iş axtara bilərlər. Yarmarkada iştirak yetərli saydadır. Biz hər il bu yarmarkaları təşkil edirik. Məqsədimiz əmək bazarının tələbinə uyğun peşə və bacarığı olan kadrlarla müəssisələrimizi təmin etməkdir. Eyni zamanda, işsiz və iş axtaran şəxslərin işəgötürənlərə əlçatanlığını təmin etməkdir. Müraciət edənlər ilkin olaraq CV-lərini təqdim edirlər və daha sonra onların işlə təmin olunma prosesini biz təqib edirik. Əgər yarmarkadakı işəgötürənlərin tələbinə uyğun olmayan vətəndaşlarımız varsa, biz Bakı Regional Məşğulluq filialı olaraq daha sonra onların digər sahələr üzrə işə götürülməsi üçün iş aparmağa davam edirik. Yarmarka bu gün saat 1-ə qədər davam edəcək. İnanırıq ki, yüksək səviyyədə işəgötürmə həyata keçiriləcək".

Müxbir – Günel Türksoy
Fotoqraf – Səfiyar Məcnun
Videooperator - Namiq Abdullayev
Chosen
17
2
azertag.az

3Sources