EN

İranın daha fərqli idarəetmə modelinə keçməsi mümkün görünür



ABŞ, İsrail və İran (fars molla rejimi) arasında davam edən amansız müharibə müvəqqəti atəşkəslə əvəz olundu. Mənim fikrimcə, ABŞ–İran arasında təxminən 40 gün davam edən birbaşa hərbi qarşıdurmadan sonra yaranmış vəziyyət İran daxilində ciddi siyasi dəyişiklik proseslərini sürətləndirib.
Bu qarşıdurmanın nəticəsi olaraq İranın ali rəhbəri Əli Xamenei və onun ətrafında formalaşmış siyasi-hərbi elitanın öldürülməsi ilə nəticələndi. Bu isə yeni siyasi şəraitin formalaşmasına zəmin yaradır. Nəticədə, geniş xalq kütləsi tərəfindən yetərincə tanınmayan yeni fiqurların idarəetmədə ön plana çıxması ölkə daxilində transformasiya proseslərini sürətləndirə bilər.
Belə ki, İranda mövcud teokratik rejimin tədricən zəifləməsi və daha dünyəvi idarəetmə modelinə keçid mərhələsinin başlanması ehtimalı artır. Müəyyən dövr ərzində hakimiyyətin daha çox hərbi strukturların, xüsusilə SEPAH-a bağlı qüvvələrin təsiri altına keçdiyini müşahidə etmək mümkündür. Lakin əsas hərbi fiqurların sıradan çıxması bu sistem daxilində də ciddi boşluqlar yaradıb.
Bu şəraitdə legitimlik məsələsi ön plana çıxır. Xalq tərəfindən seçilmiş prezident və parlamentin rolu tədricən artmağa başlayır. Xüsusilə son prezidentin xalqla təmasda olması və qətiyyətli addımlar atması icra hakimiyyətinin güclənməsi ehtimalını yüksəldir.
Beləliklə, İranın yaxın perspektivdə fars molla rejimindən tədricən uzaqlaşaraq daha fərqli idarəetmə modelinə keçməsi mümkün görünür. Bu prosesin nəticəsi olaraq, ABŞ-ın uzunmüddətli strateji hədəflərinə müəyyən mənada yaxınlaşma ehtimalı da müzakirə edilə bilər.
Digər tərəfdən, tarixən mövcud olmuş gizli və dolayı təmasların yeni dünya düzənində daha açıq əməkdaşlığa çevrilməsi ehtimalı istisna deyil. Bu halda İranın regionda ABŞ üçün daha önəmli tərəfdaşa çevrilməsi ssenarisi ortaya çıxa bilər. Eyni zamanda İsrail–İran münasibətlərində müəyyən yumşalma və dialoq imkanlarının yaranması ehtimalı da nəzərdən keçirilə bilər.
Bununla yanaşı, İranda başlayan yeni mərhələnin demokratik sistemə sürətli keçidlə nəticələnməsi o qədər də asan görünmür. Əksinə, ölkənin mürəkkəb etnik və siyasi strukturu nəzərə alınarsa, yaxın 1–2 il ərzində İran coğrafiyasında bir neçə siyasi mərkəzin formalaşması və ya regional parçalanma ehtimalları da müzakirə mövzusu olaraq qalır.

Çingiz Bayramov
Chosen
21
2
newscenter.az

3Sources