EN

Uçurumun kənarında dayandığınızı görmürsünüzmü? Mətanət Vahid

ain.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az ədəbiyyatşünas alim, "LitArtAz" ədəbi - mədəni agentliyinin rəhbəri Mətanət Vahidin Nikolay Qoqolun yaradıcılığı haqqında sosial şəbəkədə paylaşdığı fikirlərini təqdim edir.

“Mən yazıçıyam – yazıçının borcu yalnız ağlı və zövqü əyləndirmək deyil; o əsər ki, ruhu qidalandırmır və nəyisə öyrətmir, onu yazmağın heç bir mənası yoxdur.”Vəfatından 170 ildən artıq vaxt keçməsinə baxmayaraq, diqqətləri özünə cəlb edən dahilərdən biri də Nikolay Vasilyeviç Qoqoldur - rus ədəbiyyatı tarixində onun qədər sirli ikinci bir fiqur tapmaq çətin məsələdir.

N.V.Qoqolun şəxsiyyəti ilə bağlı müxtəlif söz-söhbətlər gəzib, hələ sağlığında bəziləri onun “ağıldankəm” olduğunu iddia ediblər. Onu gah monax, gah təlxək, gah da mistik hesab edirdilər. Yaradıcılığında gözəlliklə çirkinlik, fantastika ilə gerçəklik, komizmlə tragizm həddindən artıq çulğalaşmışdı. Maraqlıdır ki, sonradan əsərlərində təsvir etdiyi mistika, çin olan yuxular, müxtəlif sirli hadisələr hələ uşaqlıqdan Nikolayın diqqətini cəlb edirdi.O, uşaq ikən yaşadığı qorxunc bir hadisəni dəhşətlə xatırlayırdı: “5 yaşım vardı. Valideynlərim evdə yox idi, tək idim. Hava qaralırdı. Mən divanın küncünə qısılıb hər tərəfi bürüyən səssizlik içərisində qədimi divar saatının səsini dinləyirdim. İnanırsınız, mən hələ onda düşünürdüm ki, saat kəfkirinin tıqqıltısı əbədiyyətdə yox olan zamanın səsidir. Birdən zəif pişik miyoltusu eşitdim. Mən onun yaşıl gözlərindəki işıqdan qorxdum və bu qorxunu özümdən dəf etmək üçün yerimdən atılıb onu əlimə götürərək bağa qaçdım. Pişiyi oradakı gölməçəyə atdım və çıxmaq istəyəndə əlimdəki çomaqla onu itələdim. Qorxudan titrəsəm də, məni qorxutduğu üçün pişikdən qisas aldığıma sevinirdim. Lakin o, suda tamamilə boğulandan sonra mənim pişiyə yazığım gəldi və vicdan əzabı çəkdim. Mənə elə gəldi ki, suda adam batırmışam...”

Deyilənə görə, gimnaziyada təhsil alarkən Kolya çox zarafatcıl və dəcəl uşaq olub. Bununla belə, o qədər özünə qapanır, heç kimsəylə sirlərini bölüşmürmüş ki, hətta onu V. Skottun qəhrəmanlarından birinin adı ilə Sirli Karlo çağırırmışlar.Maraqlıdır ki, yazıçı kimi birmənalı olaraq, dahi sənətkar hesab olunan Nikolay Vasilyeviç müasirləri tərəfindən xatırlanarkən barəsində çox az müsbət fikir səsləndirən tapılırdı. Belə ki, nəinki Qoqolu sevməyənlər, hətta istedadına pərəstiş edən, özünə illərlə dost olan çağdaşları belə, onu çox vaxt qapalı, eqoist, şöhrət naminə hər şeyi qurban verən, hiyləgər, yalanlara və aldatmağa meylli adam kimi xarakterizə edirdilər....“Ölü canlar”ı bəzi tənqidçilər hələ də rus xarakterinin ən dəqiq və ətraflı təsvir olunduğu əsər hesab edirlər. Əsərin II cildi birincidən zəif ola bilməzdi; odur ki, müəllif onun üzərində illərlə çalışmışdı. Lakin Qoqol 1847-ci ildə “Dostlarla yazışmalardan seçilmiş məqamlar” adlı kitab çap etdirir. Kitab “Vəsiyyətnamə” adlı fəsillə başlayır. Bu, Nikolay Vasilyeviçin real vəsiyyətnaməsi idi və müəllif burada onu sevənlərə və dostlarına etdiyi müxtəlif vəsiyyətlərdən sonra yazırdı: “Mən yazıçıyam – yazıçının borcu yalnız ağlı və zövqü əyləndirmək deyil; o əsər ki, ruhu qidalandırmır və nəyisə öyrətmir, onu yazmağın heç bir mənası yoxdur.”Qoqolun bu kitabı istisnasız olaraq hər kəs tərəfindən tənqid olunmağa başladı, əsəri oxuyan da, oxumayan da onun haqqında danışdı. Belinski açıq məktubunda Qoqolu “nadan”, “ağıldankəm” adlandırır, ən ağlagəlməz sözlərlə təhqir edir və “Ayağınızın altına baxın: uçurumun kənarında dayandığınızı görmürsünüzmü?” – deyə ittiham edirdi. Bütün məsələ bunda idi ki, qayda-qanuna görə, vəsiyyətnamələr insan öldükdən sonra açıqlanmalı idi, Qoqol isə öz sağlığında vəsiyyətnaməsini kitabda dərc etdirmişdi.O, uzun müddət gözlədi, səbr etməyə çalışdı, lakin artıq cəmiyyət tərəfindən üzərinə olunan hücumlara dözməyə gücü yox idi. Deyilənə görə, dahi yazıçı könüllü şəkildə ölümə doğru getməyə başladı – özünə aclıqla əziyyət verdi. Ölümün astanasında isə hamını şoka salan daha bir addım atdı: “Ölü canlar”ın II cildini yandırdı! Bu hərəkətlər ilə böyük sənətkar onu başa düşməyən cəmiyyətə, bir növ, çağırış etdi, üzərində uzun illər çalışdığı əsəri yandıraraq, onu oxumaq səadətindən oxucuları məhrum etmək istədi – bu yolla onlardan qisas aldığını düşündü. Artıq cəmiyyətdə dahi sənətkarın psixi xəstə olduğuna dair heç bir şübhə yeri qalmamışdı. Onlar müəllifin ağır zəhmət hesabına başa gəlmiş əsərinin yandırılmasına başqa heç nə ilə haqq verə bilmirdilər. Nikolay Vasilyeviç Qoqol atdığı son addımlarla da haqqında hələ bundan sonra da neçə yüzillər boyunca danışılacağına, müzakirə və mübahisə obyekti olcağına zəmin yaratdı.

Uzun illərdir ki, həyatdan köçməsinə baxmayaraq, dahi yazıçının “Ölü canlar” əsərini əslində hansı səbəbdən yandırması, ümumiyyətlə, onun yandırılıb-yandırılmaması məsələsinin nə dərəcədə gerçək olması, hansı səbəbdən ailə qurmaması və s. suallar hələ də insanları düşündürməkdədir...

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Onlar kommunistlərə casusluq ediblər - SSRİ-yə nüvə sirlərini satan casuslar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
kulis.az

1Sources