EN

Azərbaycan və Qambiya ilk siyasi məsləhətləşmə aparıb

BAKI, 8 aprel. TELEQRAF

Aprelin 7-də Qambiyanın paytaxtı Bancul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.



Siyasi məsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qambiya Prezident Aparatının rəhbəri cənab Aliyu Lum ilə nəzakət görüşü baş tutub. Görüş zamanı Azərbaycanla Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş dostluq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki ölkə üçün qarşılıqlı maraq doğuran sahələr üzrə mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, habelə yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Tərəflər siyasi məsləhətləşmələrin ilk iclasının diplomatik əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün mühüm platforma olduğunu vurğulayıblar.

Daha sonra xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyinin birinci daimi katibi və nazirliyin diplomatik xidmətinin rəhbəri Lanq Yabunun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların daha səmərəli istifadəsinin vacibliyi vurğulanıb, xüsusilə iqtisadi, ticarət, təhsil, turizm, enerji və iqlim dəyişmələrinə qarşı mübarizə sahələri üzrə əməkdaşlıq istiqamətlərində müvafiq addımların atılmasının əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, Qambiyada insan kapitalının inkişafına Azərbaycanın verdiyi töhfələr və humanitar sahədə uğurla həyata keçirilmiş layihələr alqışlanaraq, bu istiqamətdə fəaliyyətin davam etdirilməsinə maraq ifadə edilib. 

Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İƏT və QH çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyinə toxunublar.


Eyni gündə, Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin meri xanım Rohey Malik Lov ilə görüşüb. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu ilə bağlı məsələlər və humanitar sahədə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Chosen
12
13
teleqraf.com

10Sources