EN

''Ayntraxt''ın türkiyəli ulduzu məşqçi ilə problem yaşayır - ''Ondan nə istədiyimi bilir''

Frankfurt ''Ayntraxt''ında türkiyəli Can Uzunla bağlı problem yaşanır. Daha doğrusu, bu problem yeni baş məşqçi Albert Rieradan qaynaqlanır. Türkiyə yığmasının üzvü klubun əvvəlki baş məşqçisi Dino Topmöllerin dönəmində əsas oyunçulardan biri hesab olunurdu. Rieranın fevraldakı təyinatı Can Uzunun zədəli vaxtına təsadüf etdi və istedadlı futbolçu bir müddət komandasına yardım edə bilmədi. Yığma ''pəncərəsindən'' əvvəlki turda Riera Can Uzuna son anlarda şans verdi. 20 yaşlı istedadlı futbolçu tam sağalmadığına görə Vinçentso Montella tərəfindən yığmaya da dəvət almadı. Artıq hər kəs bu futbolçunun ''Maynts-05'' ilə ötən bazar günü baş tutan oyunda start heyətində olacağını gözləyirdi. Amma Can Uzun nəinki ''11-lik''də yer almadı, hətta bütün oyunu ehtiyat oyunçular skamyasında keçirdi! İspaniyalı mütəxəssis oyunsonrası mətbuat konfransında birbaşa Uzun haqda sualı gözləmədən onu nəzərdə tutaraq bunları dedi: ''Bu gün oynamayan futbolçular oldu. Sənin texnikan və topla rəftarın məni maraqlandırmır. Topsuz oyunda yaxşı deyilsənsə, Rieranın komandasında sənə yer yoxdu''. Jurnalistlərin gözləmədiyi bu açıqlamanın ardından onlardan biri konkret Can Uzunun bu matçda nə üçün oynamadığını soruşdu. İspaniyalı yenə eyni tərzdə cavab verdi: ''Ondan nə istədiyimi bilir. Həm toplu, həm də topsuz oyunda. Bunu Albert Riera üçün yox, komanda üçün edəcəyi vaxt oynayacaq''. Bu sözlərdən belə anlamaq olar ki, məşqçi ilə futbolçu arasında ciddi anlaşmazlıq var. Fanatlar və Frankfurtda işıq üzü görən yerli nəşrlər 43 yaşlı məşqçinin Cana ''hücumunun'' yersiz və sürpriz olduğunu düşünürlər. Növbəti həftələrdə bu ikilinin münasibətlərinin necə olacağı maraq doğurur. Can Uzun həm də duyğusal futbolçu hesab olunur və onun üçün məşqçinin güvəni önəmlidi. Bu mövsüm 22 rəsmi oyunda aktivinə 8 qol, 5 məhsuldar ötürmə yazan Can 45 milyon avro dəyəri ilə komandasının ən bahalı futbolçusu hesab olunur. Məşqçi ilə yaşadığı problemlər ortaya çıxan kimi ona ''Milan''ın maraq göstərməsi barədə xəbərlər yayılıb. ''Ayntraxt'' yayda bu futbolçunun satışından 70-80 milyon avro qazanmağı planlaşdırırdı. Amma görünür, frankfurtluların bu arzusu həyata keçməyəcək. Can Uzun mövsümün qalan hissəsini ehtiyatda keçirsə, onun Türkiyə yığması ilə mundiala yollanması da böyük sual altına düşə bilər.

Chosen
51
1
football-plus.az

2Sources