EN

Cənubi Qafqazın nümunəvi ölkələri

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan və Gürcüstan bölgədə enerji-nəqliyyat kommunikasiyalarını genişləndirməklə yeni əməkdaşlıq formatı yaradır

Qədim tarixi köklərə malik Azərbaycan və Gürcüstan arasında münasibətlər uğurlu inkişaf yolu keçərək ən yüksək səviyyəyə - strateji tərəfdaşlıq zirvəsinə çatıb. Hər iki dövlət ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verərək əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirib, ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə ciddi nailiyyətlərə gətirib çıxarıb. Dövlətlər arasında indiyədək 120-dən çox sənəd imzalanıb ki, bu da çoxtərəfli siyasi-iqtisasi proqramların icrası üçün dərin zəmin yaradıb.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri isə ikitərəfli əlaqələrin inkişafını daha da irəliyə aparmaq, regiondakı cari prosesləri müzakirə etmək və regional iqtisadi bağlantıları inkişaf etdirmək baxımından mühüm fürsət kimi dəyərləndirilə bilər. İlham Əliyevin bəyan etdiyi kimi, bu səfəri iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək, dövlətlərarası əlaqələr üçün möhkəm zəmin yaradacaq.

Ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac edilir ki, bu coğrafiyada tranzit başlanğıcı kimi Gürcüstanın strateji rolu mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın nefti və qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişafını da təmin etməkdədir. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 800 milyon dollar təşkil edir və hədəf daha böyük göstəriciyə nail olmaqdadır. İlham Əliyevin vurğuladığı kimi mövcud dinamika ticari dövriyyənin 1 milyard dollara çatmasına səbəb olacaq. Eləcə də digər iqtisadi niyyət və hədəflər qarşıda daha geniştutumlu layihələrin icrasına inamı artırır. Dövlətimizin başçısının xatırlatdığı kimi “Bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Birgə tərəfdaşlıq Ermənistan üçün də yeni imkanlar yaradır

Azərbaycan və Gürcüstan Asiya ilə Avropanı birləşdirən körpü kimi daşımalarda da mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır, həmçinin Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Hər iki ölkə dəfələrlə sübuta yetiriblər ki, biz beynəlxalq enerji və nəqliyyat layihələrində etibarlı və məsuliyyətli tərəfdaşlardır. Tərəflər müasir inkişaf trendləri və bölgədə yaranmış geoiqtisadi çağırışlar fonunda nəqliyyat və logistika infrastrukturunu inkişaf etdirmək, müasirləşdirmək üçün əlavə addımlar atmaqdadır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur ki, bu da beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi fonunda Gürcüstanın beynəlxalq nəqliyyat qovşaqlarına çıxışını daha da asanlaşdıracaq. Eləcə də Orta Dəhlizdə öz strateji mövqeyini artıran Azərbaycan nəqliyyat sistemlərinin ötürcülüyünü daha da gücləndirmək və şaxələndirməklə, o cümlədən Zəngəzur dəhlizini bu qlobal nəqliyyat habına qoşmaqla, Gürcüstanı həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində təmsil olunmasını təmin edəcək.

Həmçinin Azərbaycan-Gürcüstan strateji müttəfiqliyi Ermənistan üçün də sabitlik və inkişafa təminatı verir. Baş nazir İrakli Kobaxidzenin qeyd etdiyi kimi Azərbaycan Prezidenti ilə keçirilmiş görüş çərçivəsində, nəinki ikitərəfli münasibətlər, həmçinin bütövlükdə Cənubi Qafqaz regionunun gələcəyinə dair məsələləri təfərrüatı ilə müzakirə edildi. Məhz bu nöqteyi-nəzərdən Ermənistan və  Azərbaycan arasında sülh müqaviləsinin paraflanması və sülh prosesinin möhkəmlənməsi bölgədə yeni əməkdaşlıq formatını təsis etməkdədir. Yekun sülh sazişi imzalandıqdan sonra Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində Ermənistanın da yer almasına səbəb olmaqla, nəticədə bölgədə nəqliyyat-logistika zəncirini daha da genişləndirəcək, Şərq və Qərb arasında yeni geosiyasi və iqtisadi coğrafiya formalaşacaq.

Gürcüstanın ən güclü investisiya partnyoru

İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Gürcüstanda çox müsbət sərmayə iqliminin mövcud olması Azərbaycan investorlarını davamlı sərmayə təşəbbüskarlığını artırır. İndiyə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Hər iki ölkə yeni investisiya layihələri haqqında fikir mübadiləsi apararaq investisiya proqramını şaxələndirmək və üçüncü ölkələrə də birgə sərmayə qoyuluşunu icra etməyi nəzərdə tutur.

Yeri gəlmişkən, SOCAR bu ölkədə ən iri investor kimi fəal mövqeyini gücləndirməkdədir. Şirkət korporativ investisiya proqramı ilə Gürcüstandakı “Kulevi” terminalına sahib olub, 2008-ci ildə təsis olunmuş “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda  ilk yanacaqdoldurma stansiyasını açaraq bu şəbəkəni genişləndirib. Hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında 50-dən çox stansiya fəaliyyət göstərir. Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir. Son illərdə bu ölkənin nəqliyyat, infrastruktur, enerji sektorlarının əsaslı şəkildə yenidən qurulmasında da ölkəmiz əsas maliyyə təchizatçısı kimi çıxış edib.

Həmçinin, Azərbaycan şirkətləri Gürcüstanda ən böyük vergi ödəyiciləridir ki, bu da fiskal yığımlarda da ölkəmizin təminatlı rolunu təsdiqləyir. Eləcə də Gürcüstanın bölgələrində zəruri infrastrukturlar da ölkəmizin sayəsində modernləşdirilib ki, bu da sosial əhəmiyyət daşımaqla əhalinin dayanılıq kommunal xidmətlərlə təminatını yaxşılaşdırıb. Bütün bunlar onu göstərir ki, qonşu ölkənin iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycanın maliyyəsi hesabına təmin olunur.

Beləliklə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında siyasi və iqtisadi sahədə əlaqələrin inkişafına təkan verməklə yanaşı, Cənubi Qafqaz regionunda geniş əməkdaşlıq, rifah platformasının möhkəmlənməsinə zəmin yaradacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

2Sources