EN

"Atəşkəs sadəcə müharibədə qısa fasilədir" - Politoloqdan ŞƏRH

ABŞ Prezidenti Donald Tramp İrana hücumu iki həftəlik dayandırdığını açıqlayıb.

Atəşkəs ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən politoloq Həşim Səhrablı bildirdi ki, İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşması iki həftəlik müddəti əhatə etsə də, hazırda atəşkəs ətrafında risklər qalmaqdadır:

"Belə ki, həm ABŞ, həm də İran tərəfi arasında etimad mühitinin olmaması, tərəflərin bir-birinə güvənməməsi, eyni zamanda İsrail faktoru, İsrailin ABŞ və İran arasında münasibətlərin tam yumşalmasından yana olmaması və bunu əngəlləyən addımlar atması, bu istiqamətdə fəaliyyətini davam etdirməsi atəşkəsin iki həftəyə qədər davam edib-etməyəcəyini sual altına qoyur. Eyni zamanda, bu iki həftəlik müddətdən sonra sülhün əldə olunub-olunmayacağı, ən azından prosesin uzanmasına və atəşkəs müddətinin daha da artırılmasına səbəb olub-olmayacağı da açıq qalır. Bütün bu məqamlar hazırda riskli məsələlər kimi önə çıxır. Çünki çox kövrək bir mərhələdir. İran da, ABŞ də bir-birinə qarşı maksimal şərtlər irəli sürür, maksimalist mövqedən çıxış edir. Bu isə tərəflər arasındakı uçurumu daha da dərinləşdirir, ziddiyyətləri artırır və ümumi razılaşma, sülh quruculuğu istiqamətində yekun addımların atılmasına mane olur. Bununla belə, qeyd etmək lazımdır ki, iki həftəlik atəşkəsin əldə olunması belə gələcəyə müəyyən ümid yaradır. Ona görə ki, indiyə qədər əsasən raket hücumları, qanlı qarşıdurmalar və digər neqativ hallarla üzləşirdik, mövzu yalnız müharibə ilə bağlı idi. Hazırda isə atəşkəs razılaşması və bu müddət ərzində tərəflər arasında diplomatik münasibətlərin bərpası, danışıqlar prosesinin yenidən başlanması müzakirə olunur. Bu da müəyyən ümid yaradır və nəticəyə yönəlmiş bir mərhələ kimi qiymətləndirilə bilər. Prosesin gələcək inkişafı, ehtimal ki, Pakistan və digər ölkələrdə keçirilə biləcək növbəti görüşlərin nəticələrindən asılı olacaq".

Müsahibimizin sözlərinə görə, ABŞ-İran qarşıdurmasının yaxın zamanda səngiməsi real görünmür:

"Çünki ABŞ və İran arasında tam razılaşmanın əldə olunması, müddətsiz atəşkəs rejiminə keçid və ya sülhün təmin edilməsi İsrailin maraqlarına ciddi zərbə kimi qiymətləndirilir. Mövcud şəraitdə atəşkəsin əldə olunması o deməkdir ki, İran proksi qüvvələrdən imtina etmir, onları dəstəkləməyə davam edir. İran xarici siyasətində ciddi dəyişikliklər etmir, neft ixracını daha rahat həyata keçirir və Hörmüz boğazı üzərində nəzarətini daha da gücləndirir. Bu isə İsrailin maraqlarına uyğun deyil. Eyni zamanda bu vəziyyət bölgədə anti-İsrail qüvvələri üçün də ciddi ruh yüksəkliyi yaradır. İndiyə qədər ABŞ və İsrailin məğlubedilməz olduğu düşüncəsi formalaşmışdısa, hazırkı vəziyyət bu təsəvvürü dəyişir. İranın tam kapitulyasiya etmədən, ciddi itkilərə baxmayaraq, öz maraqlarını qoruyaraq qarşıdurmadan çıxması yeni reallıq yaradır. Dağıntılar və itkilər böyük olsa da, yekunda tam məğlubiyyətin olmaması anti-İsrail qüvvələr üçün stimul rolunu oynayır. Bu səbəbdən İsrail tərəfi prosesləri ləngitməyə, atəşkəsin davamlı olmasının və sülhlə nəticələnməsinin qarşısını almağa çalışa bilər".

NURİYYƏ

Chosen
24
1
redaktor.az

2Sources