Rejissor Fehruz Şamiyev: “Kino mərkəzinin qışda soyuq zallarında keçirilən premyeralardan, tədbirlərdən, köhnə, lampalarının vaxtı keçmiş proyektorundan danışan yoxdur”
Nizami Kino Mərkəzi yenidən tənqid hədəfinə çevrilib. Bu dəfə məsələ nə fasaddakı qrafitilər, nə də zahiri görüntüdür, əsas müzakirə mövzusu illərdir yığılıb qalan daxili problemlərdir.
![]()
“Nizami Kino Mərkəzinin üzərinə çəkilmiş qrafiti ilk deyil, dəfələrlə oraya şəkillər çəkilib, yazılar yazılıb. Üstündən bir az keçmiş rəhbərlik oranı rəngləyib. Yaxşı olar ki, bir dəfə də mərkəzin içindəki problemləri həll etsinlər. Tamaşaçı zalda palto ilə oturur”. Tribuna.az xəbər verir ki, bu sözləri rejissor Fehruz Şamiyev deyib. O bildirib ki, mərkəzin daxilində vəziyyət zahiri görünüşdən qat-qat ağırdır: “Əsas məsələ Nizami Kino Mərkəzinin qışda soyuq zallarında keçirilən premyeralardan, tədbirlərdən, köhnə, lampalarının vaxtı keçmiş proyektorundan danışan yoxdur. Filmə baxmağa gələnlər zalda palto ilə oturur, nəfəsi ilə zalı da, özünü də qızdırmağa çalışır. Ümid edirəm ki, Nizami KM-in çölü yox, içindəki problemlər müzakirə olunar”.
Xatırladaq ki, Nizami Kino Mərkəzi ilə bağlı artıq bir neçə ildir ki, müxtəlif şikayətlər səsləndirilir. Bu narazılıqlar əsasən məhz daxili şərait, texniki imkanlar məsələləri ilə bağlı olub. Kino mərkəzi uzun müddət ölkənin əsas kino məkanlarından biri kimi təqdim olunsa da, real vəziyyətin bu statusla uyğun gəlmədiyi tez-tez vurğulanır.
İki ay əvvəl kinoteatrda elektrik enerjisinin kəsilməsi barədə xəbərlər yayılmışdı. Ssenarist Toğrul Eminli sosial media hesabında bununla bağlı paylaşım edərək problemi ictimailəşdirmişdi. Hadisə geniş rezonans doğurmuş, tamaşaçıların və kino ictimaiyyətinin narazılığına səbəb olmuşdu.
Bir qədər sonra kinoteatr rəhbərliyi tərəfindən açıqlama verilərək bildirildi ki, elektrik problemi artıq aradan qaldırılıb və enerji təchizatı bərpa edilib. Rəsmi izahda qeyd olunurdu ki, işığın sönməsi texniki profilaktik səbəblərlə bağlıdır.
2023-cü ildə isə rejissor Emil Quliyev tərəfindən səsləndirilən iddialar da uzun müddət müzakirə mövzusu olmuşdu. O, “Mən burada tək olmuşam” filminin prokatından əldə olunan gəlirin ona verilmədiyini bildirmişdi: “Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa, dedilər ki, sənin puluna kinoteatrın işıqpulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala bilməmişəm. Əslində heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun".
Daha sonra kinoteatr tərəfindən bu iddialar təkzib edildi. Bəs bu gün adıçəkilən kinoteatrda vəziyyət necədir? Səsləndirilən problemlər niyə illərdir öz həllini tapmır?
Məsələ ilə bağlı Nizami Kino Mərkəzi ilə əlaqə saxladıq. Kinoteatrdan bildirildi ki, bu məsələyə cavabı Azərbaycan Kino Agentliyi (ARKA) verə bilər. Adıçəkilən quruma sorğu göndərdik və bildirildi ki, cavablandırılacaq.

Şeyx Əbdül Mahmudov
Məsələ ilə bağlı Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a danışıb: “Nizami Kino Mərkəzi binasının üzərinə yazıların çəkilməsi məsələsi məni həqiqətən çox təəssüfləndirdi. Hesab edirəm ki, bu cür hallar təkcə bir binaya münasibət deyil, ümumilikdə cəmiyyətin, xüsusilə də gənc nəslin tərbiyəsi ilə bağlı ciddi siqnaldır. Bu istiqamətdə daha sistemli və ardıcıl işlərin görülməsinə böyük ehtiyac var”.
Xalq artisti dedi ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlər zəminində formalaşmalıdır: “Gənclərə aydın şəkildə izah olunmalıdır ki, xarici filmlərdə və sosial platformalarda təqdim olunan həyat tərzi hər zaman bizim milli kimliyimizə və dəyərlər sistemimizə uyğun deyil. Təəssüf ki, bu gün bir çox gənc təsir altına çox tez düşür və bu təsirin əsas mənbələrindən biri də nəzarətsiz şəkildə istifadə olunan sosial media platformalarıdır. Xüsusilə TikTok kimi platformaların uşaqlar və yeniyetmələr üzərində mənfi təsiri ilə bağlı narahatlıqlar getdikcə artır. Mənəvi baxımdan düzgün formalaşma təmin olunmadıqda, bu cür halların - məsuliyyətsiz davranış, ictimai mülkiyyətə zərər vurma kimi problemlərin ortaya çıxması qaçılmaz olur. Buna görə də sağlam düşüncəli, milli ruhda böyüyən gəncliyin formalaşdırılması dövlət və cəmiyyət qarşısında duran ən vacib məsələlərdən biridir. Bu istiqamətdə məktəblərdə, ali təhsil müəssisələrində, televiziya və radio kanallarında milli-mənəvi dəyərlərin təbliği daha güclü və davamlı şəkildə aparılmalıdır. Maarifləndirici proqramlar, ictimai kampaniyalar və mədəni layihələr vasitəsilə gənclərin düşüncə tərzinə təsir etmək mümkündür və bu, artıq zərurətə çevrilib.
Kinoteatrın daxili problemləri ilə bağlı səsləndirilən fikirlərə gəlincə, hesab edirəm ki, bu iddialar obyektiv reallığı tam əks etdirmir və müəyyən mənada qərəzli xarakter daşıyır, hətta deyərdim ki, cəfəngiyyatdır. Çünki şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, mən ən azı ayda bir neçə dəfə həmin kinoteatrda oluram, istər müxtəlif tədbirlər, istərsə də film premyeraları ilə əlaqədar. Bu baxımdan, səsləndirilən iddiaların ümumiləşdirilmiş və birtərəfli yanaşma olduğu qənaətindəyəm".
Müsahibimiz dedi ki, bəzi prodakşn şirkətləri kifayət qədər zəif, tamaşaçı marağı doğurmayan filmlər istehsal edir və bu filmlərin məhz Nizami Kino Mərkəzi kimi nüfuzlu məkanda nümayiş olunmasına çalışırlar: “Lakin müxtəlif səbəblərdən bu mümkün olmadıqda, məsuliyyəti öz üzərlərinə götürmək əvəzinə, kinoteatrı hədəf seçərək belə iddialarla çıxış edirlər.
Hesab edirəm ki, Nizami Kino Mərkəzində həm texniki baxımdan, həm də ümumi xidmət və infrastruktur baxımından vəziyyət qənaətbəxşdir. Zallarda kondisioner sistemləri, qızdırıcılar və digər zəruri rahatlıq elementləri mövcuddur. Əgər bu məkan doğrudan da, iddia edildiyi kimi, problemlərlə dolu olsaydı, ölkə səviyyəli rəsmi tədbirlərin, premyeraların və mədəni layihələrin məhz burada keçirilməsi mümkün olmazdı. Bu faktın özü belə göstərir ki, kinoteatr müəyyən standartlara cavab verir və funksional olaraq fəaliyyətini davam etdirir. Ona görə də bir daha vurğulamaq istərdim ki, səsləndirilən bütün iddiaları ümumiləşdirərək reallıq kimi təqdim etmək düzgün yanaşma deyil. Bu fikirlərin bir qismi şişirdilmiş, bir qismi isə ümumiyyətlə əsassız təsir bağışlayır".
Xalidə GƏRAY,
“Yeni Müsavat”