EN

ABŞ və İran arasında atəşkəs ƏLDƏ OLUNDU

ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəsi qəbul etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin feldmarşalı Asim Munir ilə aparılan danışıqlardan sonra belə qərar qəbul edilib.

Tramp bildirib ki, tərəflər İran ərazisinə yönəlmiş “dağıdıcı qüvvənin” qarşısının alınmasını xahiş edib.

Açıqlamada qeyd olunur ki, İran İslam Respublikası Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib. Bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.

Tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və İranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir. Onun sözlərinə görə, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.

ABŞ Prezidenti əlavə edib ki, əvvəlki mübahisəli məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və iki həftəlik fasilə yekun sazişin hazırlanması və həyata keçirilməsi üçün imkan yaradacaq.
Tramp çıxışında Yaxın Şərqdə uzunmüddətli sabitliyə nail olunmasının vacibliyini vurğulayaraq, bu prosesdə iştirak etməyi “şərəf” adlandırıb.

İran da atəşkəsi təsdiqləyir…

İranın xarici işlər naziri Abbas Əraqçi isə yaydığı bəyanatda Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munirə bölgədə müharibənin dayandırılması istiqamətində göstərdikləri səylərə görə təşəkkür edib.

Nazir qeyd edib ki, Şərifin çağırışı, həmçinin ABŞ tərəfindən irəli sürülən 15 bəndlik təklif və ABŞ Prezidentinin İranın 10 bəndlik planını danışıqlar üçün əsas kimi qəbul etməsi fonunda İran öz mövqeyini müəyyənləşdirib.

Onun sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bildirilir ki, ölkəyə qarşı hücumlar dayandırılacağı təqdirdə, İran Silahlı Qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq.

Əlavə olunub ki, iki həftə ərzində texniki məhdudiyyətlər nəzərə alınmaqla və hərbi qurumlarla koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi mümkün olacaq.

Qeyd edək ki, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə olunub.

Bizim.Media

Chosen
33
11
bizim.media

10Sources