İran Ali Milli Təhlükəsizlik Şurasının İslam Respublikasının Amerika üzərində qələbə qazanması ilə bağlı bəyanatı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib və o, bunu yayan CNN-i dezinformasiyada günahlandırıb.
"Far.Az" xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.
"CNN World News" tərəfindən yayımlanan bəyanat, CNN-in də yaxşı bildiyi kimi saxtakarlıqdır", - ABŞ Prezidenti bildirib və əlavə edib ki, İranın rəsmi bəyanatı xarici işlər naziri Abbas Əraqçinin sosial şəbəkə hesablarında bölüşdüyü sənəddir:
"O bəyanatı (Əraqçinin yaydığı sənədi) "Truth"da ("Truth Social") paylaşdım. Səlahiyyətlilər saxta "CNN World" Bəyanatının verilməsində cinayət izi müəyyən etməyə çalışırlar. CNN-ə hər zamankı kimi bərbad reportajlarına görə tam üzr istəyərək bu bəyanatı dərhal geri götürməsi əmr edilir. Araşdırmanın nəticələri yaxın gələcəkdə elan ediləcək".
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin məcbur qəbul etdiyi şərtləri açıqlayıb. Bundan sonra A. Əraqçi sosial şəbəkə hesablarında atəşkəsin hansı şərtlərlə əldə olunacağını bildirib. Tramp da Əraqçinin yaydığı bəyanatı "Truth Social" hesabında paylaşıb.
Məlumat üçün bildirək ki, İran XİN başçısının bəyanatı AMTŞ-yə istinadla yayılsa da, sənədlərin mətnində fərq var.