EN

Bakıdakı İran səfirliyinin şok bəyanatı: müharibə Xəzər və Qafqaza yayılır?

Musavat.com bildirir ki, politoloq Asif Nərimanlı bu yazını gecə saatlarında qələmə alıb. Dünyada hər kəs bir neçə saat sonra ABŞ-ın İranı vurub-vurmayacağını müzakirə etdiyi bir vaxtda, onun bu analitik məqaləsi xüsusilə diqqət çəkir. Yazını olduğu kimi təqdim edirik:

İranın Azərbaycandakı səfirliyinin “İsrailin müharibə coğrafiyasını Xəzər və Qafqaza genişləndirmək təxribatlarına qarşı mübarizənin zəruriliyi” haqda bəyanatı Trampın hücum xəbərdarlığı, SEPAH-ın isə “ABŞ-ı və region ölkələrini” təhdid etməsi fonunda qəribə görünür.

Bəyanatda deyilir: “Naxçıvana şübhəli PUA zərbəsi (?) hadisəsindən, İran limanlarının və Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından, habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdid edilməsindən sonra ABŞ və İsrail İranın Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib”.

Səfirlik iddia edir ki, ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə təxribat qurub. Vurğulanır ki, bu təxribatların neytrallaşdırılması üçün region ölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyət kəsb edir.

Naxçıvana PUA zərbəsinin şübhəli elan edildiyi bəyanatda “ABŞ və İsrailin müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqaza yaymaq məqsədilə təxribat hazırladığı” haqda deyilənlər xüsusilə diqqət çəkir və “Naxçıvan ssenarisinin təkrarlanmasına hazırlıq gedir?” sualını ön plana çıxarır.

Müharibə başlayandan dərhal sonra İran körfəz ölkələrini hədəfə aldı, ardınca informasiya müstəvisində “sionistlər Azərbaycanda məktəbə hücum edəcək” iddiaları yayıldı. Naxçıvanda məktəb də daxil olmaqla mülki obyektlərə hücum edildi və məsuliyyətdən yayınmağa çalışıldı. Səfirliyin Naxçıvan hücumunu şübhə altına alması İranın mövqeyinin dəyişmədiyini göstərir. Bu kontekstdə İran səfirliyinin “ABŞ və İsrailin təxribat hazırladığı” iddiası SEPAH-ın “Cənubi Qafqazı regional hədəf siyahısına daxil etdiyi” şübhələrini yaradır. Belə bir hücum olarsa, səfirliyin bəyanatı İran üçün “alibi” rolunu oynaya bilər.

Maraqlıdır ki, “təxribatın Cənubi Qafqaz və Xəzər regionunda hazırlandığı” deyilsə də, İranın digər region ölkələrində – Ermənistan və Gürcüstandakı səfirlikləri analoji bəyanat verməyib. Azərbaycandakı səfirlik niyə belə bir açıqlama verdi, ictimai rəyi hansı istiqamətə yönəltmək cəhdi edilir? Suallar çoxdur.

 Musavat.com

Chosen
1
31
musavat.com

10Sources