EN

Cevdet Yılmaz: İran ətrafındakı böhranın Türkiyəyə təsiri daha məhdud olacaq

Ankara, 8 aprel, AZƏRTAC

İran ətrafındakı böhranın danışıqlar yolu ilə həll olunacağına ümid edirik. Bölgəmizdə gərginliyin azalmasını, daha sabit mühitin formalaşmasını istəyirik. Müharibə heç kimə fayda vermir, ədalətli sülh isə hər kəsin maraqlarına cavab verir. Türkiyə olaraq bu istiqamətdə səylərə hər zaman töhfə verməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, rəsmi Ankara müharibəni dayandırmaq üçün diplomatik səylərini davam etdirir: “Təəssüf ki, vəziyyət qeyri-müəyyən olaraq qalır. Bəzən daha müsbət mesajlar verilir, bəzən isə gərginliyi artıran bəyanatlar səslənir. Ümid edirik ki, böhran ən qısa zamanda aradan qalxacaq, danışıqlar bərpa olunacaq və problemlər silah yolu ilə deyil, dialoq masasında həll ediləcək”, — deyə C.Yılmaz bildirib.

Vitse-prezident vurğulayıb ki, mövcud vəziyyət təkcə regiona deyil, bütövlükdə dünyaya mənfi təsir göstərir: “Cənubi Asiya ölkələri artıq istehsal böhranı ilə üzləşib. Avropa və Amerikada da müəyyən fəsadlar müşahidə olunur”.

C.Yılmaz əlavə edib ki, böhranın qısamüddətli təsirlərini məhdudlaşdırmaq üçün Türkiyə hökuməti ciddi tədbirlər görür: “Orta müddətdə ölkəmizi yeni şəraitə uyğunlaşdırmaq istiqamətində də işlər davam etdirilir”.

Vitse-prezident, həmçinin Türkiyənin enerji təchizatı ilə bağlı problem yaşamadığını diqqətə çatdırıb: “İdxalın şaxələndirilməsi siyasətimizin faydalarını bir daha aydın görürük. Müxtəlif ölkələrdən neft və təbii qaz tədarük edən dövlət olmağın üstünlükləri bu gün daha aydın hiss olunur. Bir çox ölkələrlə müqayisədə Türkiyə bu böhranlı dövrü daha məhdud təsirlərlə keçəcək”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Chosen
40
1
azertag.az

2Sources