İnternetdə itlərin sahibləri ilə birlikdə “oxuduğunu” göstərən çoxsaylı videolar mövcuddur. Məlum olub ki, bəzi itlər həqiqətən musiqi qabiliyyətlərinə malik ola bilər – onlar melodiyanı dinləyir və səslərini özlərinə məxsus şəkildə tonallığa uyğunlaşdırmağa çalışırlar.
HİT.az xəbər verir ki, bu barədə "Earth.com" yazır.
Tədqiqat zamanı alimlər artıq musiqi altında ulamağı sevən itlərə diqqət yetiriblər. Sahiblər mahnıları səsləndirib və itlərin reaksiyalarını qeydə alıblar.
Daha sonra eyni mahnılar bir qədər yüksək və ya aşağı tonallıqla yenidən səsləndirilib. Bu isə alimlərə itlərin eşitdiklərinə uyğun olaraq səslərini dəyişib-dəyişmədiyini müəyyən etməyə imkan verib.
“İnsanlar birlikdə oxuyarkən səslərini asanlıqla uyğunlaşdırır ki, hamı eyni səslə səslənsin. Bu bacarıq məşq olmadan belə təbii şəkildə yaranır. Buna görə alimlər düşünməyə başladılar ki, heyvanlar da bu qabiliyyətin sadə formasına malik ola və digər səsləri eşidəndə öz səslərini tənzimləyə bilərlər”, deyə materialda qeyd olunub.
Vəhşi təbiətdə canavarlar qrup halında ulaması ilə tanınır. Hər fərd bir qədər fərqli ton çıxarır və bu da güclü, mürəkkəb səs yaradır.
“Bu qarışıq səs canavarların daha güclü görünməsinə kömək edə bilər. Eyni zamanda onların əlaqədə qalmasını təmin edir. Bəzi alimlər hesab edir ki, canavarlar bu effekti yaratmaq üçün səs tonlarını qəsdən tənzimləyirlər”, deyə nəşr vurğulayır.
Bu ideyanı vəhşi canavarlar üzərində yoxlamaq çətin olduğundan, alimlər diqqəti itlərə, xüsusilə də canavarlara genetik baxımdan yaxın cinslərə yönəldiblər.
Tədqiqat əsasən "Samoyed" və "Şiba-İnu" cinslərinə fokuslanıb. Bu qədim it cinsləri canavarlarla genetik əlaqəyə malikdir və bu da onların təbii davranışlarının öyrənilməsi üçün əlverişli edir.
Alimlər hesab edirdilər ki, bu itlər səs tonuna nəzarət əlamətləri göstərə bilər. Məqalədə qeyd olunur ki, qədim cinslər “müasir cinslərlə müqayisədə canavarlarla daha böyük genetik oxşarlığa malikdir”.
"Samoyed" cinsi üzrə nəticələr aydın olub. Bu qrupdakı dörd itin hamısı musiqinin tonu dəyişdikdə ulama səslərinin yüksəkliyini dəyişib. Bəziləri tonu artırıb, biri isə azaldıb.
Tədqiqatda bildirilir ki, "Samoyed"lər “tonu dəyişdirilmiş musiqi altında ulayarkən səsin orta yüksəkliyini əhəmiyyətli dərəcədə dəyişirdilər”. Bu isə onların təsadüfi reaksiya vermədiyini göstərir.
“Ən vacibi odur ki, bu dəyişikliklər həyəcan və ya əhval-ruhiyyə ilə bağlı olmayıb. Ulama müddəti sabit qalıb. Bu da göstərir ki, səsin dəyişməsi idarəolunan və məqsədli olub”, deyə materialda əlavə edilir.
Eyni zamanda "Şiba-İnu" cinsi fərqli nəticə göstərib. Bu itlər musiqi dəyişsə belə səs tonunu eyni şəkildə dəyişməyiblər və ulama əsasən sabit qalıb.
“Bu isə bütün itlərin eyni qabiliyyətə malik olmadığını göstərir. Genetika itlərin səslərə reaksiyasında müəyyən rol oynaya bilər. Daha böyük it qrupu bu hipotezi təsdiqləməyə kömək edə bilər”, deyə nəşr qeyd edir.
Digər maraqlı sual isə itlərin niyə ümumiyyətlə musiqi altında uladığıdır. Ehtimallardan biri odur ki, onlar bunu başqa heyvanın çağırışı kimi qəbul edir.
“İt musiqi eşidəndə bunu başqa bir səsin çağırışı kimi qavraya bilər. Bu, canavarların sürü halında ulama davranışına bənzər reaksiya yaradır. İtlər ulayarkən diqqətli görünürlər ki, bu da onların sadəcə diqqət cəlb etmək üçün deyil, səsə fokuslandıqlarını göstərir”, deyə materialda vurğulanır.
Samir