EN

“Chakan Fashion Show”: bahar, Novruz, moda!

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 aprel, AZƏRTAC

Aprelin 7-də Tacikistan Respublikasının səfirliyi Beynəlxalq Novruz bayramına həsr olunmuş “Chakan Fashion Show: Əsrləri aşan ənənə uçuşu” adlı mədəni tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon açılış nitqi ilə çıxış edib. O bildirib ki, zəngin mənəvi və mədəni irs olan Novruz regionun dost xalqlarını birləşdirir.

“Novruz baharın başlanğıcını, təbiətin oyanışını, işığın, ümidin və yaranışın təntənəsini simvolizə edən ən qədim bayramlardan biridir”, – deyə diplomat vurğulayıb. “Bugünkü tədbirin dost Azərbaycanda keçirilməsi xüsusi simvolik məna daşıyır və xalqlarımızın tarixi-mədəni əlaqələrinin ümumiliyini əks etdirir”.

Səfir qeyd edib ki, tacik xalqı üçün Novruz yenilənmə və harmoniya dövrüdür, onu yeni bayram geyimində qarşılamaq ənənəsi isə həyatın yeni, işıqlı mərhələsinin başlanğıcını simvolizə edir. “Çakan” kolleksiyasının təqdimatı məhz bu ənənə ilə bağlıdır.

O vurğulayıb ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “çakan” tikiş sənəti dünya mədəniyyətinin mühüm hissəsidir və tacik xalqının fəlsəfəsini, tarixini və mənəvi aləmini əks etdirir.

“Chakan Fashion Show” çərçivəsində tacik dizaynerlər Xurşed Sattorov, Vays Asoyev və Sulhiya Qulomovanın işləri təqdim olunub. Tamaşaçılara tacik mədəniyyətinin zəngin bədii irsini və yüksək ustalığını əks etdirən “Çakan”, “Nuri Badaxşon” və “Navoi Xuroson” kolleksiyaları nümayiş etdirilib.

Bayram proqramı bədii hissə ilə davam edib.

Konsert proqramı çərçivəsində Vüsalə Babayevanın rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupunun ifasında təqdim olunan tacik rəqsləri milli xoreoqrafiya ənənəsinin koloritini və zənginliyini parlaq nümayiş etdirib.

Qonaqlar üçün həmçinin bolluq, rifah və yenilənməni simvolizə edən “Həft sin” və “Həft şin” də daxil olmaqla, qədim tacik ənənələrinə uyğun bayram süfrəsi təşkil edilib.

Müxbir – Günel Alıyeva

Fotoqraf – Nicat Həşimov

Videooperator – Ələkbər Baxşıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
azertag.az

1Sources