ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyinin VI “A” sinfində təhsil alan bütün şagirdlər Respublika Fənn Müsabiqəsinin (RFM) növbəti turuna - yarımfinalına vəsiqə qazanıblar.Redaktor.az xəbər verir ki, həmin sinifdə təhsil alan 24 şagirdin 24-ü də RFM-in növbəti mərhələsində iştirak edəcək. Şagirdlər riyaziyyat, informatika və təbiət fənləri üzrə yarımfinal mərhələsinə vəsiqə qazanıblar.Məktəbin direktoru Elmir Məmmədəliyevin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, lisey artıq 6 ildir ki, fəaliyyət göstərir və son 5 ildə Respublika fənn olimpiadalarında ciddi nailiyyətlər əldə olunub. Şagirdlər seçdikləri fənlər üzrə müəllimlərin həftədə iki və üç dəfə əyani və onlayn formatda təşkil etdiyi hazırlıq dərslərinə qoşulurlar: “Şagirdlər istədikləri fənn üzrə hazırlaşa bilərlər, bunun üçün heç bir seçim aparılmır. Hazırlıqlar müəllimlərin öz təşəbbüsləri ilə, tamamilə təmənnasız təşkil edilir”.Elmir Məmmədəliyev qeyd edib ki, şagirdlərin motivasiyasını yüksək saxlamaq üçün hər imtahan ərəfəsində görüşlər keçirilir, eyni zamanda intizam qaydalarına əsasən, rəğbətləndirici “yaşıl kart” mexanizmi də tətbiq olunur.O əlavə edib ki, son 5 ildə lisey şagirdləri 53-ü Respublika Fənn Olimpiadasında, 49-u Respublika Fənn Müsabiqəsində olmaqla ümumilikdə 102 medal qazanıblar.Direktorun sözlərinə görə, bu uğurlarda valideynlərin dəstəyi də mühüm rol oynayır: “Yarımfinal və final mərhələləri üzrə hazırlıqlar davam edir. Liseyimizin növbəti turlarda da uğurlu nəticələr göstərəcəyinə inanırıq”.Qeyd edək ki, Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyi RFM-in yarımfinalına keçən şagird sayına görə ölkə üzrə 4-cü yerdə qərarlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.