EN

Böyük Britaniyada rezident həkimlər altıgünlük tətilə çıxıblar

Böyük Britaniyada rezident həkimlər altıgünlük tətilə çıxıblar

İngiltərədə rezident həkimlər maaşlarının artırılması tələbi ilə altıgünlük tətilə başlayıblar.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Londonda Müqəddəs Tomas xəstəxanasının qarşısında onlarla həkim piketə çıxıb; analoji aksiyalar ölkənin digər iri şəhərlərində də keçirilib.

Tətil yanvar ayında həmkarlar ittifaqı üzvlərinin səsverməsinin yekunlarına əsasən Britaniya Tibb Assosiasiyası (British Medical Association, BMA) tərəfindən təşkil olunub. Həmin vaxt 53% iştirak nisbəti ilə səs verənlərin 93,4%-i (27 min nəfər) tətili dəstəkləmişdi. Həkimlər əməkhaqlarının 26% artırılmasını tələb edirlər.

Böyük Britaniya hökuməti tətilçilərin tələblərini yerinə yetirməkdən imtina edir. Hakimiyyət orqanları qeyd edirlər ki, Milli Səhiyyə Xidmətinin (National Health Service, NHS) bütün tibb işçilərinin demək olar ki, yarısını təşkil edən rezident həkimlərin maaşları son üç il ərzində artıq 29% yüksəldilib. Buna baxmayaraq, həkimlər maaşların inflyasiya nəzərə alınmaqla 2008-ci il səviyyəsinə qaytarılması üçün daha böyük artımda israr edirlər.

"The Times" qəzetinin hesablamalarına görə, əməliyyatların təxirə salınması və tətil zamanı həmkarlarını əvəz edən məsləhetçi həkimlərin ödənişləri səbəbindən tətilin hər günü NHS-ə 50 milyon funt-sterlinqə (65 milyon dollar) başa gəlir. Nəşrin hesablamalarına görə, 2023-cü ildən bəri rezidentlərin tətili səbəbindən büdcə 3 milyard funt-sterlinq (4 milyard dollar) itirib. Bugünkü aksiya son üç ildə rezidentlərin artıq 60-cı tətil günüdür.

Böyük Britaniyanın səhiyyə naziri Uez Stritinq BBC-yə müsahibəsində bildirib ki, tətilə baxmayaraq, 95% hallarda pasiyentlər qeydiyyat üzrə zəruri yardımı ala biləcəklər. O təkrar edib ki, hökumət bu il rezidentlərin maaşını 3,5% (inflyasiya səviyyəsindən yüksək) artırıb, lakin tətilçilərin maksimalist tələblərini qəbul edə bilməz. Hazırda bu kateqoriyadan olan həkimlərin illik gəliri 40 min funt-sterlinqlə 76,5 min funt-sterlinq arasında dəyişir.

"YouGov" sosioloji şirkətinin son sorğusuna əsasən, Böyük Britaniya sakinlərinin 53%-i tətil iştirakçılarının hərəkətlərini dəstəkləmir, 38%-i isə onların tərəfindədir.

Chosen
25
afn.az

1Sources