EN

Qafqazda KRİTİK mərhələ: İrəvan şansı itirir, Bakı və Tiflis isə…

Cənubi Qafqazda geosiyasi dinamikanın sürətlə dəyişdiyi dövrdə Moskvadakı son təmaslar və region ölkələrinin xarici siyasət kursu ətrafında gedən müzakirələr diqqət mərkəzindədir. Xüsusilə Kremldə baş tutan görüşlər fonunda nəqliyyat-kommunikasiya layihələri üzərində artan rəqabət və təsir mübarizəsi daha aydın görünür. Kremlin təsiri altında gedən siyasi proseslər təkcə Ermənistanın daxili siyasi gündəmini deyil, eyni zamanda, Avrasiyanın əsas nəqliyyat marşrutlarının taleyini də müəyyənləşdirir. Bu isə ilk növbədə Ermənistanın seçimlərini daraldaraq, onu qlobal layihələrdə iştirak və ya kənarda qalmaq dilemması ilə üz-üzə qoyur.

CROSSMEDIA

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun şəxsi sosial media hesabındakı şərhi bu kontekstdə diqqət çəkir. Diplomat yazıb:

“Kremlin təsiri ilə aparılan “1 aprel polemikası” Paşinyanın faktiki olaraq TRIPP layihəsinin praktik həyata keçirilməsini, yaxınlaşan parlament seçkilərində öz namizədliyinə dəstək qarşılığında dəyişdiyi fikrimi daha da möhkəmləndirdi. Beləliklə, Ermənistan hələlik Rusiyanın təzyiqi altında Cənubi Qafqaz ölkələrinin nəqliyyat və kommunikasiya layihələrinə qoşulmaq şansını əldən verir. Bu isə o deməkdir ki, iki ölkə qərbdə Qara dəniz üzərindən Gürcüstan və şərqdə Xəzər üzərindən Azərbaycan-Avrasiya subkontinentinin yeganə quru və hava kommunikasiya xətti olaraq qalır. Sərhədlərimizin şimalında və cənubunda müşahidə olunan qeyri-sabitlik və gərginlik uzun müddət davam edəcək. Qara dəniz hövzəsində Türkiyə və Xəzərin şərqində yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr Avropa ilə Çin arasında kommunikasiya əlaqələrini təmin edə biləcək əsas aktorlardır. Bu baxımdan Gürcüstana səfər son dərəcə mühüm əhəmiyyət daşıyır”.

Deputat Aydın Mirzəzadə isə Musavat.com-a bildirib ki, “Tramp marşrutu” ilk növbədə Ermənistana lazımdır. Onun sözlərinə görə, bu, yeni iş yerlərinin açılması, investisiyaların cəlb edilməsi, marşrut ətrafında Ermənistan üçün yeni iqtisadi sahələrin formalaşması üçün mühüm layihədir: 

“Bu, Ermənistanın yeni imicinin formalaşması üçün də önəmlidir. İzolyasiyadan çıxmaq üçün Ermənistan bu böyük şansı yaxşı dəyərləndirməlidir. Ermənistanın indiki rəhbərliyi “Tramp marşrutu”ndan asılıdır. Hər hansı siyasi proseslərin Ermənistanı bu marşrutdan uzaqlaşdıracağını zənn etmirəm. Hətta Paşinyanın müxaliflərinin belə marşrutdan imtina etməyə siyasi cəsarəti çatmaz. Bu, ABŞ ilə üzbəüz durmaq, Qərb dünyasının Ermənistandan üz döndərməsi demək olar. Onsuz da Ermənistanın inkişaf perspektivi yoxdur, qonşu dövlətlərlə münasibəti pisdir. “Tramp marşrutu” tamamilə yeni siyasi situasiya perspektivi açır”.

Aydın

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin Gürcüstana səfəri ikitərəfli münasibətlərin inkişafını daha da gücləndirəcək:

“Qarşılıqlı səfərlər iqtisadi-ticarət əlaqələrinin dərinləşməsi, əməkdaşlığın yeni formalarının axtarılıb tapılması və möhkəmlənməsi, iki qonşu ölkə arasında yaxşı münasibətlərin qurulması nümunəsi kimi önəm kəsb edir. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra Cənubi Qafqazda möhkəm üçlük yaratmaq olar. Azərbaycan-Gürcüstan dostluğuna Ermənistan da qoşula bilər. Bu format Qafqaza sülh gətirə bilər. Nəticədə hər bir ölkənin həm siyasi, həm də iqtisadi dividentləri olacaq. Hesab edirəm ki. TRIPP ətrafında olan söhbətlər, onun perspektivi, onun regionda və dünyada yeni siyasi mənzərə açması ilə bağlıdır. Müəyyən qüvvələr buna kölgə salmağa, müəyyən qüvvələr isə bu perspektivdə özünə yer tapmağa çalışır”.

Nigar Həsənli
Musavat.com

Chosen
12
musavat.com

1Sources