EN

Azərbaycanda magistraturaya maraq azalır

Magistraturaya qəbul imtahanının ikinci cəhdi üçün qeydiyyatın ilk həftəsində minlərlə bakalavr ərizəsini təsdiqləyib. Bu statistika magistr təhsilinə marağın hələ də yüksək olduğunu göstərsə də, təhsilin keyfiyyəti və bu pillənin əmək bazarındakı real əhəmiyyəti ilə bağlı müzakirələr davam edir.

Azərbaycanda son illər magistratura səviyyəsinə marağın azalması müşahidə olunur. Təhsil eksperti Məzahir Məmmədli QHT.az-a açıqlamasında bildirib ki, ötən ilin qəbul nəticələri bu tendensiyanı açıq şəkildə göstərib. Onun sözlərinə görə, dövlət sifarişli yerlər üzrə təxminən 1200 vakant yer boş qalıb.

M.Məmmədlinin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi qəbul prosedurlarını həm uzadıb, həm də sadələşdirib. Lakin buna baxmayaraq, əvvəlki illə müqayisədə magistratura səviyyəsinə müraciətlərin sayı azalıb, qəbuldan sonra isə həm dövlət sifarişli, həm də ödənişli yerlər tam dolmayıb.

Ekspert vurğulayıb ki, bu vəziyyətin əsas səbəblərindən biri bəzi universitetlərin magistratura təhsili üçün yetərli imkanlara malik olmamasıdır. Onun fikrincə, həm imkanları olan, həm də bu səviyyədə təhsil vermək üçün zəruri baza və standartları tam təmin etməyən ali məktəblər magistraturaya tələbə qəbulu elan edirlər.

Məzahir Məmmədli bildirib ki, özəl universitetlər var ki, onların nə auditoriyası, nə də akkreditasiya standartları magistratura səviyyəli təhsilə imkan verir, amma buna baxmayaraq magistraturaya qəbul elan edirlər.

Ekspertin sözlərinə görə, Azərbaycanda potensial magistrant yetişdirən universitetlərin səviyyəsi arzuolunan həddə deyil. O əlavə edib ki, magistraturadan sonra doktorantura pilləsinə maraq göstərən bakalavrların sayı da olduqca azdır.

M.Məmmədli qeyd edib ki, bunun əsas səbəbi gənclər arasında motivasiyanın aşağı olması və elm sahəsində inkişaf üçün aydın dövlət planının olmamasıdır. Ekspert hesab edir ki, gəncləri elmi fəaliyyətə həvəsləndirəcək istiqamətlər yetərincə formalaşdırılmayıb.

Məzahir Məmmədli bildirib ki, əmək bazarının tələbi də diktə etmir ki, mütləq şəkildə magistratura səviyyəsi olmalıdır.

Ekspert vurğulayıb ki, xüsusilə əmək bazarında praktiki bacarıqlar daha çox önəm daşıyır. Onun sözlərinə görə, müəllimlik və ya istehsalat sahələrində işəgötürənlər əsasən namizədin işi bacarma qabiliyyətinə diqqət yetirirlər, təhsil səviyyəsi isə ikinci planda qalır.

Sonda Məzahir Məmmədli qeyd edib ki, həm magistratura səviyyəsinə marağın azalması, həm də ali təhsil müəssisələrinin bu istiqamətdə yetərli baza formalaşdıra bilməməsi gələcəkdə elmi kadr potensialına mənfi təsir göstərə bilər.

Fatimə Nəbiyeva

Chosen
35
qht.az

1Sources