EN

Prezidentin Gürcüstan səfəri: Üç görüşdə eyni mesaj verildi İrəvan detalı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan üçün Gürcüstan çox mühüm və vacib ölkədir. Rəsmi Tbilisi Bakının Cənubi Qafqazdakı ən etibarlı tərəfdaşıdır. İki ölkə arasında yaxın tarixdə ciddi neqativ heç bir insident baş verməyib. Əksinə, Bakı və Tbilisi hər zaman əməkdaşlıq, dostluq və qardaşlıq dəyərləri əsasında münasibətləri inkişaf etdirib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri bu baxımdan xüsusi önəm və diqqət kəsb edir.

Azərbaycanı Gürcüstan və bu ölkə ilə münasibətlərin inkişafı maraqlandırır. Ona görə də səfər çərçivəsində Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili, baş nazir İrakli Kobaxidze və Gürcüstanın hakim partiyasının (“Gürcü Arzusu”) fəxri sədri Bidzina İvanaşvili ilə görüşüb. Bu, ölkə başçısının verdiyi incə diplomatik mesajdır. Bakı üçün mühüm olan Tbilisidir.

Gürcüstan tərəfinin də Azərbaycan Prezidentinin səfərinə yüksək diqqət və ehtiramla yanaşdığı bariz şəkildə hiss olunurdu. Xüsusilə cənab Prezidenti gürcüstanlı həmkarı Mixail Kavelaşvilinin qarşılaması və təkbətək görüşməsi, daha sonra baş nazir İrakli Kobaxidze ilə təkbətək görüş və mətbuata bəyanatlarla çıxış edilməsi, həmçinin Bidzina İvanaşvilinin adından verilən lanç bunu göstərir.

Səfərin ən diqqət çəkən tərəfi, şübhəsiz ki, Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxış etmələri oldu. Hər iki lider ölkələr arasında münasibətlərin hazırkı səviyyəsi ilə bağlı bir çox məsələyə toxundu.

Məsələn, baş nazir İrakli Kobaxidze deyib ki, Prezident İlham Əliyev Gürcüstanın dəyərli dostudur və Azərbaycan liderinin səfəri hər zaman Tbilisi üçün böyük şərəfdir. Ölkə başçısı isə öz növbəsində qeyd edib:

“Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha Azərbaycan və Gürcüstanın hər zamankı kimi bir yerdə olduğunu göstərir”.

Gürcüstan uzun illər Azərbaycanın Avropaya açılan əsas qapısı rolunu oynayıb. Xüsusilə Batum və Poti limanları Bakı üçün strateji əhəmiyyətə malikdir. Azərbaycanın nefti Bakı‑Tbilisi‑Ceyhan kəməri ilə dünyanın müxtəlif bazarlarına çıxarılır, Cənub Qaz Dəhlizi ilə isə Azərbaycanın təbii qazı Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropaya daşınır. Bu kəmərlər Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malikdir. Prezident də vurğulayır:

“Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan və Gürcüstan üzərindən keçirilir”.

Ermənistan ilə sülh danışıqları fonunda bir sıra qüvvələr sülhün və gələcəkdə İrəvan ilə iqtisadi əlaqələrin bərpasının Gürcüstana neqativ təsir göstərə biləcəyinə dair əsasız iddialar dövriyəyə buraxırdılar. Lakin həm bu səfər, həm də ümumilikdə iki ölkə münasibətlərinin səviyyəsi iddiaların əsasız olduğunu və gələcəkdə münasibətlərin daha da inkişaf edəcəyini bir daha göstərdi. Prezident İlham Əliyevin sözləri də bunu təsdiqləyir: “Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək”.

İ.Kobaxidze isə öz növbəsində deyib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında cari sülh prosesini alqışlayır. “Tbilisi dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsü qəti şəkildə dəstəkləyir. Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq”, – Kobaxidze qeyd edib. Xüsusi ilə bu sözlər Tbilisinin sülh prosesində Bakıya həm güvəndiyini, həm də əməkdaşlığın Gürcüstan üçün faydalı olduğunu göstərir.

Mövcud layihələrin həyata keçirilməsi qədər, onların təhlükəsizliyinin təmin edilməsi də vacibdir. Xüsusilə İran-ABŞ gərginliyi fonunda ehtimal olunan risk faktorları və təxribat cəhdlərinin qarşısının alınmasının vacibliyi cənab Prezidentin səfərinin nüvəsini təşkil edirdi. İstisna deyil ki, səfər çərçivəsində ölkəmizin bu məsələdəki müəyyən narahatlıqları da rəsmi Tbilisinin diqqətinə çatdırılıb. Prinsipcə, bu layihələrin təhlükəyə düşməsi Bakı qədər Tbilisinin də maraqlarına uyğun deyil.

Son dövrlərdə iki ölkə arasında “Yaşıl enerji” layihələri də sürətlə inkişaf edir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaradılan birgə müəssisə çərçivəsində “Caspian‑Black Sea‑European Green Energy Corridor” kimi enerji dəhlizi üzərində işlər aparılır. Bu layihələr vasitəsilə bərpa olunan enerji resurslarının Qara dəniz yoli ilə Avropaya ötürülməsi istiqamətində sıx əməkdaşlıq davam edir.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
globalinfo.az

1Sources