EN

Avtomobil bazarında qiymət artımı: hansı məhsullar bahalaşıb? - Ekspert AÇIQLADI

Hörmüz boğazında artan regional gərginlik təkcə enerji sektoruna deyil, avtomobil yağları bazarına da təsir göstərməyə başlayıb. Xüsusilə Avropadan idxal olunan bəzi məhsullarda qiymət artımı artıq hiss olunur. Bazarda ilkin bahalaşma siqnalları qeydə alınıb. Sahə üzrə fəaliyyət göstərənlər bildirir ki, əvvəllər 100 manata satılan bəzi yağlar artıq 120-125 manata təklif olunur. Bu tendensiya hələ bütün bazarı əhatə etməsə də, müəyyən markalarda qiymət artımı açıq görünür. Bazarın bütün seqmentlərində vəziyyət eyni deyil: bəzi satış nöqtələri və servis mərkəzlərində qiymətlər hələlik sabit qalır. Bunun səbəbi onların mövcud ehtiyatlarını əvvəlki – daha ucuz qiymətlərlə əldə etmələridir. Lakin stoklar azaldıqca, yaxın dövrdə qiymət artımının daha geniş miqyas alacağı gözlənilir.

Mütəxəssislər bildirir ki, bahalaşma əsasən Avropa mənşəli məhsullarda hiss olunur. Digər bazar istiqamətlərində isə hələlik ciddi dəyişiklik yoxdur. Ümumilikdə, Hörmüz boğazındakı gərginlik davam etdikcə ilk təsir yeni idxal olunan məhsullarda görünür. Əgər vəziyyət uzunmüddətli xarakter alarsa, bazarda əvvəlcə məhsul çatışmazlığı, sonra isə daha kəskin qiymət artımı mümkündür.

Bəs başqa hansı məhsullarda artım özünü göstərir?

eldeniz.jpg

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a deyib ki, ölkəmizə müxtəlif dövlətlərdən, fərqli markalara məxsus ehtiyat hissələri idxal olunur:

“Yəni bazar tək bir ölkədən və ya konkret marşrutdan asılı deyil. Nəzəri baxımdan regionda müəyyən gərginlik mövcuddur, lakin bu vəziyyət Azərbaycan avtomobil bazarına hələlik kəskin təsir göstərmir. Bəzi avtomobil markalarının müəyyən modelləri üzrə, xüsusilə işlənmiş versiyaları və ehtiyat hissələrində qismən qiymət artımı müşahidə oluna bilər. Ancaq bu, ümumi bazarda ciddi və kəskin bahalaşma baş verəcəyi anlamına gəlmir. Yenə də qeyd etmək lazımdır ki, əgər ehtiyat hissələri Körfəz istiqamətindən gətirilmirsə, alternativ mənbələr mövcuddur. Bu məhsullar Avropa, ABŞ, Yaponiya, Koreya, eləcə də Uzaq Şərq və Çin bazarlarından idxal edilə bilər. Yəni marşrutlar çoxdur. Ola bilər müvəqqəti olaraq belə hallar baş versin. Amma bazar özünü tənzimləyir və sabit qalır”.

Afaq Mirayiq,
Musavat.com

Chosen
22
musavat.com

1Sources