EN

İdman sülhün, birliyin və sağlam gələcəyin təməlidir

Aprelin 6-sı dünyada İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü kimi qeyd olunur.

Bu münasibətlə “Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov idmanın cəmiyyətin inkişafı və sülhün təşviqində oynadığı mühüm roldan QHT.az-a danışıb.

Tural Nurməmmədov bildirib ki, idman yalnız fiziki sağlamlığın qorunmasına xidmət etmir, eyni zamanda cəmiyyətlər arasında münasibətlərin möhkəmlənməsində mühüm sosial mexanizm kimi çıxış edir. Onun sözlərinə görə, idman fərqli mədəniyyətləri və düşüncə tərzlərini bir araya gətirən universal dildir.

“Tural Nurməmmədovun sözlərinə görə, idman insanlar arasında qarşılıqlı hörmətin və anlayışın formalaşmasına şərait yaradır, bu isə qloballaşan dünyada sülhün təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır".

Sədr vurğulayıb ki, idmanda rəqabət əsas elementlərdən biri olsa da, bu rəqabət qaydalar və ədalət prinsipləri çərçivəsində aparılır. Bu amil isə cəmiyyətə münaqişələrin zorakılıq deyil, sağlam mübarizə yolu ilə həllinin mümkün olduğunu nümayiş etdirir.

T.Nurməmmədov qeyd edib ki, beynəlxalq idman yarışları ölkələr arasında dialoqu gücləndirən mühüm platformadır. Onun fikrincə, bu yarışlar gərginliklərin azalmasına və ortaq dəyərlərin ön plana çıxmasına xidmət edir.

“İdman yalnız fiziki güc nümayişi deyil, həm də sülhün, birliyin və sağlam gələcəyin təməlidir” – deyə Tural Nurməmmədov bildirib.

Tural Nurməmmədo bildirib ki, xüsusilə gənclərin inkişafı baxımından idmanın rolu əvəzsizdir. O qeyd edib ki, idman gənclərdə intizam, məsuliyyət hissi, komanda ilə işləmək bacarığı və liderlik keyfiyyətləri formalaşdırır. Bununla yanaşı, onların asudə vaxtının səmərəli təşkilinə şərait yaradır və zərərli vərdişlərdən uzaq qalmasına dəstək olur.

Sədr əlavə edib ki, fiziki aktivlik gənclərin psixoloji sağlamlığına da müsbət təsir göstərərək daha balanslı və özünə güvənən fərdlərin formalaşmasına töhfə verir.

T.Nurməmmədovun sözlərinə görə, idman sosial bərabərliyin təşviqində də mühüm vasitədir. O bildirib ki, sosial status, cins və yaş fərqlərindən asılı olmayaraq insanların eyni platformada birləşməsi həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Xüsusilə inklüziv idman təşəbbüsləri cəmiyyətin bütün üzvlərinin fəal iştirakını təmin edir.

Sonda sədr cəmiyyətə çağırış edərək bildirib ki, idmanın inkişafına dəstək vermək, onu daha əlçatan etmək və gənc nəslə aşılamaq hər bir vətəndaşın üzərinə düşən mühüm vəzifədir.

Fatimə Nəbiyeva

Chosen
31
qht.az

1Sources