EN

Bakıda bu ərazilərdə evlərin tikintisinə icazə verilməməlidir - AÇIQLAMA

“Sürüşmələrin baş vermə səbəbi qətiyyən yağışlarla əlaqəli deyil. Sürüşmə zonasında bu qədər yaşayış evləri tikilməməlidir. Tikilirsə, kanalizasiya sistemi normal qurulmalıdır. Əsas səbəb kanalizasiya sisteminin düzgün formada qurulmamasıdır. Sürüşmə zonasından keçən yol üçün dərin svaylar vurulmalıdır. Dövlətin böyük vəsaitini qoyurlar, amma təəssüf ki, svay vurmurlar, ya düzgün işlər aparılmır deyə hər dəfə yağışdan sonra bir sürüşmə ortalığa çıxır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

Qorxmaz

Onun sözlərinə görə, baş verən sürüşmə yağışla əlaqəli deyil, inşaat problemidir: “Yol inşaatı düzgün həyata keçirilmir. Mövcud qəbiristanlığın belə sürüşüb düşmə təhlükəsi var. Orada yaşayan insanların həyatı üçün də təhlükə mövcuddur. Seysmoloqlar, geoloqlar deməlidirlər ki, həmin ərazida sürüşmə nə qədər sürətli gedir. Bir neçə il öncə də Badamdarda sürüşmə oldu. İllərlə o yol bağlı qaldı. Orada hərəkətlilik var, yamac olduğuna görə sürüşmə sürətlənir. Ağac örtükləri, yaşıllıqlar yoxdur. Yağış da bir az intensiv yağanda, aylıq normanı aşanda bu hadisələr baş verir. O dəqiqə fakturanı nə Allaha, nə təbiətə, nə də yağışa kəsmək lazım deyil. Bu yanlız mühəndislik xətalarının nəticəsidir. Özüm Bibiheybət yolundakı sürüşmənin şahidi oldum. Bir neçə il qabaq ciddi svaylaşdırmadılar və sürüşmə bunun nəticəsidir. Gördük ki, hadisə nəticəsində asfalt betondan necə aralanaraq aşağı enib. Deməli svay yoxdur. Qusarda asfalt örütüyünü göstərirlər, 15-20 sm qalınlığında asfalt olmaz, alt quruluşu möhkəm deyil. Qusarda suötürücü beton borular qoyublar, ancaq suyu götürəcək səviyyədə deyil. Bunların hamısı hesablanmalıdır. Sonra deyirlər ki, yağış aylıq normanı aşdı... Yaxşı bəhanədir... Keçən il Sabunçu körpüsündə yerləşən tunel su ilə dolmuşdu, bu il yenə niyə doldu?! Deməli, tədbir görülmür... Azərbaycanın ən quraq sahələrindən biri Bakı və Abşeron yarımadasıdır. Yağıntı illik normanı heç aşmır, aylıq normanı aşa bilər, amma normanı aşması o demək deyil ki, belə olmalıdır. Badamdar daxil olmaqla, elə sahələrdə evlərin tikintisinə icazə verilməməlidir. Bəzi yerlərdə sotunu 50-60-100 min manatdan satırlar, insanlar gedib özlərinə qəbir qazırlar, ev tikmirlər”.

 

Xatırlatma: Aprelin 6-dan 7-nə keçən gecəa Bakının Səbail rayonu, Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb və yolun bir hissəsində çökmə baş verib.

 

Şəhanə Quliyeva

Tarix: 7 Aprel 2026, 14:36   
Chosen
43
pravda.az

1Sources