EN

“Baku Auto Mall”da güclü mühərrikin səsi uşaqları coşdurdu Fotolar Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Qafqazın ən böyük avtomobil satış mərkəzi olan “Baku Auto Mall”a bir qrup Bakı məktəblisinin ekskursiyası təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, ölkənin avtomobil sektoruna yeni nəfəs gətirməyi hədəfləyən Mərkəz növbəti sosial layihə çərçivəsində gənc qonaqlara qapılarını açaraq, onların ən müasir, idman və klassik avtomobillərlə yaxından tanışlığına şərait yaradıb. 

“Baku Auto Mall”un Təşkilati İşlər üzrə direktoru Səxavət Səfərli şagirdlərə bələdçilik edərək, onlara hibrid və elektrik avtomobillərin üstünlükləri, ətraf mühitə təsiri və gələcəyin nəqliyyat trendləri haqqında ətraflı məlumat verib. Uşaqlar bu avtomobillərin yanacaqla işləyən avtomobillərdən fərqi, təbiətə verdiyi faydaları ilə bağlı suallarına cavablar alıblar. 

Ekskursiyanın ən maraqlı hissəsi isə kvadrosikllər və drift avtomobili ilə bağlı olub. Şagirdlər Drift üzrə Azərbaycan çempionu Adil Axundovla tanış olmaq, onun da fikirlərini dinləmək imklanı əldə ediblər. Onun 2021-22-23-cü illərdə çempion olduğu avtomobil də Mərkəzdə nümayiş olunub. Uşaqlar güclü mühərrikin səsini coşqu ilə qarşılayıblar. Onlar avto-idman barədə çoxsaylı suallar verərək çempionla fotolar da çəkdiriblər.

Ekskursiyada şagirdləri müşayiət edən və elə onlar qədər həvəsli görünən müəllimləri də bu cür təşəbbüslərin gənc nəslin avtomobil dünyasına marağını artırmaqla yanaşı, onların ekoloji düşüncəsinin formalaşmasına da mühüm töhfə verdiyini bildiriblər: “Dördüncü sinifdə uşaqlar qlobal problemlərə fokuslanır, onları araşdırmağa başlayırlar. Ölkəmizdə hansı problemlər varsa, onları canlı olaraq öyrənir və aradan qaldırmaq yollarını təhlil edirlər. Daha sonra bununla bağlı kiçik də olsa, ideyalar təklif edirlər. Burada müşahidə etdilər ki, ölkə olaraq Azərbaycan bu ekoloji problemlərin, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün necə çalışır. Belə ekoloji təmiz maşınlar var ki, onlar havanı çirklənmədən qoruyur. Burada 16 şagirdimiz iştirak edir, biz onları belə yetişdiririk”. 

Səxavət Səfərli də bu qısa səyahətin şagirdlər üçün faydalı olduğunu qeyd edib: “Bu ideya müəllimlər tərəfindən gəldi və biz çox məmnuniyyətlə qarşıladıq. Gənc nəsli kiçik yaşlarından öyrətmək çox önəmlidir. Biz burada hibrid, elektrik, benzin, dizellə işləyən avtomobillərdən danışdıq. Onların hansının necə işləməsini uşaqlara izah etdik, istehsalı necə baş verir, bizə xeyirləri və ziyanları nədir, hamısının nümunələrini göstərdik. Uşaqların çox xoşuna gəldi. Reaksiyaları gözlədiyimizdən daha yaxşı oldu. Mən elə bilirdim uşaq olduqlarına görə çox maraqları olmaz, amma hamısı, hətta qızlar da çox maraq göstərdilər”. 

Sonda məktəblilərə ekskursiya keçdikləri Mərkəzi daim xatırlamaları üçün maraqlı hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, “Baku Auto Mall” 2 ildir fəaliyyət göstərir. Burada bütün marka və modellərin həm 0 km, həm də ikinci əl satışı təşkil olunur.

Gülnar Əliyeva

Foto-video: Pərvin Zeynal

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
qafqazinfo.az

1Sources