EN

AMEA-nın Ədəbiyyat və Folklor institutları Qırğızıstanda keçirilən beynəlxalq elmi konfransda təmsil olunublar

Qırğızıstanın paytaxtı Bişkek şəhərində akademik Abdıldajan Akmataliyevin 70 illik yubileyinə həsr olunmuş “Manasdan Aytmatova: humanitar elmlərin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda Qırğızıstanla yanaşı Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tatarıstan, Çin və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
QHT.az xəbər verir ki, beynəlxalq elmi konfransın açılış-plenar iclasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli və Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər.
Mehman Həsənli konfrans iştirakçılarını AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin adından salamlayaraq onun Abdıldajan Akmataliyevin 70 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu diqqətə çatdırıb, həmçinin AMEA-nın 80 illik yubileyi münasibətilə hazırlanmış “AMEA-nın döş nişanı”nı təqdim edib. Alim “Abdıldajan Akmataliyevin Aytmatovşünaslıq araşdırmaları: Azərbaycan elmi mühitindən baxış” adlı məruzəsində akademikin Çingiz Aytmatov yaradıcılığı ilə bağlı apardığı fundamental tədqiqatların Türk dünyası kontekstində elmi və mədəni əhəmiyyətini geniş şəkildə təhlil edib. O vurğulayıb ki, Abdıldajan Akmataliyev Çingiz Aytmatovun müasiri olmaqla yazıçının sağlığında onunla sıx elmi və yaradıcı əlaqələr saxlamış, bir sıra əsərlərinin ilkin əlyazmalarını oxumuş, həmin mətnlərə həm çapdan əvvəl, həm də sonrakı mərhələlərdə ilk elmi rəy verən aparıcı tədqiqatçılardan biri kimi çıxış etmişdir. Bu amil onun Aytmatov irsinin ən mühüm araşdırıcılarından biri olduğunu göstərir.
Mehman Həsənli çıxışında həmçinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutu arasında formalaşan elmi əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, bu əməkdaşlıq çərçivəsində “Çingiz Aytmatov ensiklopediyası”nın Azərbaycan cildinin hazırlanması istiqamətində sistemli iş aparılır, eyni zamanda yazıçının zəngin epistolyar irsinin toplanması, tədqiqi və elmi dövriyyəyə daxil edilməsi məqsədilə yeni araşdırma layihələrinə başlanılıb. Bu təşəbbüslər Türk dünyasında ortaq ədəbi-mədəni irsin daha dərindən öyrənilməsinə və beynəlxalq elmi inteqrasiyanın güclənməsinə xidmət edir.
Daha sonra Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək akademik Abdıldajan Akmataliyevi təbrik edib, ona rəhbərlik etdiyi Folklor İnstitutunun kollektivi adından xoş arzularını çatdırıb. Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə yubilyara İnstitutun “Fəxri doktoru” diplomu təqdim olunub.
Hikmət Quliyev “Kollektiv mədəni yaddaş kontekstində folklor və ədəbiyyat: akademik Akmataliyevin elmi yanaşmaları və türkoloji perspektivlər” mövzusunda çıxış edərək  qeyd edib ki, akademik Akmataliyev qırğız folklorşünaslığı və ədəbiyyatşünaslığının inkişafında mühüm rol oynamaqla yanaşı, “Manas” eposundan Çingiz Aytmatov yaradıcılığına uzanan mənəvi və elmi xətti sistemli şəkildə əsaslandıran görkəmli tədqiqatçıdır. Alim çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinə istinad edərək bu konsepsiyanın Türk dünyasının yeni inteqrasiya modelini müəyyən etdiyini vurğulayıb. O, bu model çərçivəsində mədəni və elmi əməkdaşlığın daha da genişləndiyini diqqətə çatdırıb. Məruzəçi folklor və ədəbiyyatın vahid mədəni yaddaş sistemi kimi dərk edilməsinin vacibliyini qeyd edərək Akmataliyevin tədqiqatlarında folklorun dinamik, çoxvariantlı və sosial funksiyaya malik struktur kimi təqdim olunduğunu vurğulayıb. Xüsusilə “Manas” eposunun kollektiv yaddaş modeli kimi təhlilini və müxtəlif variantlarının elmi dövriyyəyə daxil edilməsini mühüm elmi nailiyyət kimi dəyərləndirib.
Beynəlxalq konfransda bütövlükdə akademik Abdıldajan Akmataliyevin Türk dünyası ölkələri arasında elmi əlaqələrin güclənməsində, ortaq layihələrin inkişafında və humanitar sahədə inteqrasiyanın dərinləşməsində mühüm xidmətlər göstərdiyi geniş şəkildə vurğulanıb.

Zəhra Ağayeva

Chosen
28
qht.az

1Sources