EN

Zelenskinin Yaxın Şərq “yürüşü” Dəməşq səfəri Moskva və Tehran üçün niyə “siqnal” sayılır?

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yaxın Şərqə ardıcıl səfərləri regionda yeni siyasi dinamikanın formalaşdığını göstərir. Türkiyədən sonra gözlənilmədən Suriyaya səfər edən Ukrayna lideri həm diplomatik əlaqələri genişləndirməyə, həm də Rusiyanın bölgədəki təsirinə qarşı yeni cəbhə açmağa çalışır. Bu aktivlik isə xüsusilə Tehranda ciddi narahatlıqla qarşılanır.

Zelenski ötən həftə yeni xarici səfərə çıxaraq əvvəlcə Türkiyəyə gedib və burada Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüş keçirib. Danışıqlardan dərhal sonra isə Ukrayna lideri gözlənilməz addım ataraq Suriyaya yollanıb.

Dəməşqdə Zelenski Suriyanın yeni Prezidenti Əhməd əş-Şaraa ilə həm ikitərəfli, həm də üçtərəfli – Ukrayna–Suriya–Türkiyə formatında görüşlər keçirib.

Ukrayna Prezidenti sosial şəbəkə hesabında səfərin nəticələrini belə şərh edib: təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq, regiondakı vəziyyət, o cümlədən İran ətrafında baş verən hadisələr, enerji və infrastruktur layihələri geniş şəkildə müzakirə olunub.

Zelenski bildirib ki, Ukrayna Suriyanın sabitləşməsi və inkişafına dəstək verməyə hazırdır və iki ölkə arasında yeni əməkdaşlıq mərhələsi başlayır.

Müşahidəçilərin fikrincə, Zelenskinin bu fəallığı təsadüfi deyil. ABŞ dəstəyinin əvvəlki kimi təmin olunmadığı bir dövrdə Ukrayna rəhbərliyi diplomatik əlaqələri maksimum genişləndirməyə çalışır. Bu strategiya çərçivəsində Kiyev xüsusilə Rusiya ilə münasibətləri tam pozulmamış ölkələrlə əlaqələri gücləndirmək, neytral mövqe tutan dövlətləri öz tərəfinə çəkmək, beynəlxalq arenada manevr imkanlarını artırmaq məqsədi güdür. 

Bu baxımdan Yaxın Şərq Ukrayna üçün yeni və perspektivli istiqamət kimi çıxış edir.

Suriyada hakimiyyətə yeni gəlmiş Əhməd əş-Şaraa üçün də Ukrayna ilə əməkdaşlıq müəyyən üstünlüklər vəd edir.

Məlumdur ki, Suriyanın silah arsenalı əsasən Rusiya istehsalı olan, sovet dövründən qalma sistemlərə əsaslanır. Bu isə Dəməşqin Moskva qarşısında asılılığını qoruyub saxlayır.

Müşahidəçilərin fikrincə, yeni Suriya rəhbərliyi silah təchizatını şaxələndirmək, Türkiyə və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək, Rusiyadan asılılığı mərhələli şəkildə azaltmaq niyyətindədir. 

Bu kontekstdə Ukrayna özünü alternativ tərəfdaş kimi təqdim edir. Kiyev Suriyaya dron texnologiyaları, hava hücumundan müdafiə üzrə təcrübə, müasir müharibə taktikası sahəsində biliklər təklif edə bilər. 

Ekspertlərin vurğuladığı kimi, Ukraynanın əsas üstünlüyü yalnız texnologiya deyil, həm də real döyüş təcrübəsidir.

Rusiya ilə müharibə fonunda Ukrayna ordusu dronlardan geniş istifadə, müdafiə sistemlərinin effektiv təşkili və çevik taktiki yanaşmalar baxımından ciddi təcrübə toplayıb. 

Bu təcrübə Yaxın Şərq ölkələri, o cümlədən Suriya üçün maraqlı hesab olunur.

Analitiklər hesab edir ki, Zelenskinin Dəməşqə səfəri Rusiyanın Yaxın Şərqdəki mövqelərinə dolayı zərbədir. Hazırda Suriyada Rusiyanın hərbi mövcudluğu davam edir - Tartus və Hmeymimdə hərbi bazalar fəaliyyət göstərir. Lakin yeni hakimiyyətin bu mövcudluğa uzunmüddətli perspektivdə necə yanaşacağı sual altındadır. Məlumata görə, rəsmi Dəməşq formal olaraq bu bazaların saxlanmasına razılıq versə də, strateji baxımdan onların gələcəyini yenidən nəzərdən keçirmək istəyir. Bu şəraitdə Ukraynanın regionda fəallaşması Moskva üçün əlavə risk yaradır.

Zelenskinin Yaxın Şərq turu xüsusilə İranda ciddi narazılıq doğurub. Hazırda regionda ABŞ və İsrailin İrana qarşı hərbi-siyasi təzyiqinin artdığı bir dövrdə Ukraynanın aktivləşməsi Tehranda əlavə təhdid kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, Kiyev bu vəziyyətdən istifadə edərək region ölkələrinə təhlükəsizlik sahəsində əməkdaşlıq təklif edir və bununla da öz təsir imkanlarını genişləndirir.

Səfər çərçivəsində tərəflər iqtisadi və humanitar sahələri də müzakirə ediblər. Xüsusilə diqqət çəkən məqamlardan biri Suriyaya taxıl tədarükü məsələsidir. Məlumata görə, Ukrayna Rusiyanın nəzarətində olan ərazilərdən gələn qeyri-qanuni taxıl tədarüklərini əvəz etməyi təklif edir. Bununla yanaşı, Ukrayna mütəxəssislərinin Suriyada enerji infrastrukturunun bərpasında iştirak ehtimalı da gündəmdədir.

Zelenskinin Türkiyə və Suriyanı əhatə edən son səfəri göstərir ki, Ukrayna yalnız hərbi meydanda deyil, diplomatik müstəvidə də fəal strategiya həyata keçirir. Bu strategiya yeni tərəfdaşların cəlb olunmasına, beynəlxalq dəstəyin genişləndirilməsinə və Rusiyanın təsir imkanlarının zəiflədilməsinə xidmət edir. 

Beləliklə, Zelenski Yaxın Şərqdə yeni geosiyasi balansın formalaşmasında aktiv oyunçuya çevrilir və bu prosesin nəticələri yaxın dövrdə daha aydın görünə bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
azpolitika.info

1Sources