BAKI, TurkicWorld:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 2026-cı ilin birinci rübü üzrə hesabatını yayımlayıb. Hesabatda dövlət qurumlarının internet resurslarının mühafizəsi və kibertəhlükəsizlik sahəsində görülən kompleks tədbirlər öz əksini tapıb.
Dövlət domenlərinin optimallaşdırılması və şəbəkə mühafizəsi
2026-cı ilin ilk üç ayı ərzində “GOV.AZ” domen məkanının təhlükəsizliyini artırmaq məqsədilə 17 yeni domen və 123 subdomen qeydiyyata alınıb. Paralel olaraq, risklərin azaldılması məqsədilə 21 domen və 52 subdomen ləğv edilib.
“AzStateNet” şəbəkəsində tətbiq edilən müasir avadanlıqlar vasitəsilə:
-
41 289 866 təhlükəli URL keçidi;
-
3 786 317 zərərverici trafik (virus və casus proqramlar);
-
31 962 zərərverici tərkibli fayl bloklanaraq istifadəçilərin yoluxmasının qarşısı alınıb.
DDoS hücumları və mərkəzləşdirilmiş müdafiə
Hesabat dövründə dövlət informasiya sistemlərinə qarşı 7 013 863 DDoS hücumu qeydə alınıb. Bu hücumların qarşısının alınması nəticəsində 12 523 934 684 zərərli paket bloklanıb. Mərkəzləşdirilmiş antivirus sistemləri isə son istifadəçi səviyyəsində 1 048 869 təhdidi zərərsizləşdirib.
Monitorinqlər nəticəsində 274 kiberhücum göstəricisi (IOC) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Bu təhdidlərin 213-ü daxili araşdırma, 61-i isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.
Fişinq və elektron poçt təhlükəsizliyi
Kibertəhdid kəşfiyyatı vasitəsilə dövlət qurumlarına məxsus domenlərə bənzədilmiş 6 saxta domen və 60 fişinq veb resursu fəaliyyəti dayandırılıb. Həmçinin, dövlət əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatı aşkar edilərək zəruri tədbirlər görülüb.
Dövlət elektron poçt xidmətində emal edilən 4 677 755 məktubun təxminən 30%-i (1 419 645 ədəd) zərərli tərkibli olduğu üçün bloklanıb.
Audit və təhlükəsizlik yoxlamaları
Rüb ərzində dövlət saytlarının dayanıqlığını yoxlamaq üçün 194 audit və nüfuzetmə testi həyata keçirilib. Aparılmış periodik yoxlamalar əsasında dövlət qurumları üçün 34 analitik hesabat hazırlanaraq onlara təqdim edilib.
XRİTDX proaktiv tədbirlərlə ölkənin kritik informasiya infrastrukturunun qorunmasını və milli rəqəmsal dayanıqlığın təmin edilməsini diqqət mərkəzində saxlayır.