EN

“Rusiya Paşinyanın sərt mövqeyindən narazıdır”

ain.az bildirir, Gununsesi portalına istinadən.

“1 aprel tarixində Vladimir Putin ilə Nikol Paşinyan arasında keçirilən görüşdən yaranan təəssürat göstərir ki, Putin Paşinyana qarşı ilk gündən soyuq münasibət bəsləyir və onu tam mənada siyasətçi kimi qəbul etmir. Bu yanaşma əvvəlki dövrlərdə də hiss olunurdu və son görüşdə də açıq şəkildə özünü göstərdi”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında deputat Tural Gəncəliyev deyib:

“Görüş zamanı və ondan sonrakı mərhələdə səsləndirilən fikirlərdən, həmçinin rusiyalı rəsmi şəxslərin açıqlamalarından görünür ki, Rusiya tərəfi Paşinyanın bu dəfə daha cəsarətli mövqe ortaya qoymasından narazıdır. Xüsusilə xəritə ilə bağlı məsələlər bu gərginliyin əsas səbəblərindən biri kimi diqqət çəkir.

Paşinyan isə bu görüşdə dolayısı ilə bildirmək istəyirdi ki, Ermənistan artıq Rusiyanın təsir dairəsində əvvəlki kimi qalmaq niyyətində deyil. O, demokratiya və azadlıq mövzularını gündəmə gətirməklə Putini çətin vəziyyətdə qoymağa çalışdı. Eyni zamanda sosial şəbəkələr və internet azadlığı ilə bağlı məsələlərin vurğulanması da təsadüfi deyildi”.

Deputat hesab edir ki, Paşinyan bu səfəri həm də seçkiqabağı dövrdə Avropa ilə yaxınlaşma siyasəti çərçivəsində həyata keçirib:

“Belə ki, 31 mart tarixində İrəvanda Avropa İttifaqı missiyasının yeni rəhbərini qəbul etməsi bu baxımdan diqqət çəkir. Həmin şəxsin Rusiyaya qarşı sərt mövqeyi ilə seçilməsi və məhz Moskva səfərindən bir gün əvvəl qəbul edilməsi müəyyən siyasi mesaj kimi qiymətləndirilə bilər.

Bu ardıcıllıq onu göstərir ki, Paşinyan Avropa İttifaqının dəstəyinə arxalanaraq Moskvaya getdiyini nümayiş etdirmək istəyirdi. Nəticə etibarilə, görüş zamanı Rusiya tərəfinin sərt və soyuq münasibəti də bu siyasi mesajın cavabı kimi dəyərləndirilə bilər”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
icma.az

1Sources