EN

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib  

2026-cı ilin birinci rübündə dövlət qurumlarının informasiya sistemlərində 1 milyon 48 min 869 kibertəhdid aşkarlanaraq zərərsizləşdirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) AZƏRTAC-a bildirilib ki, aparılan monitorinqlər nəticəsində 274 kiberhücum göstəricisi (IOC) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Onlardan 213-ü daxili araşdırmalar, 61-i isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

“Həmçinin dövlət elektron poçt xidmətində emal edilən 4,6 milyondan çox məktubdan 1,4 milyona yaxını zərərli olduğu üçün bloklanıb. Bundan əlavə, dövlət qurumlarının veb-saytlarında 194 audit və nüfuzetmə testi aparılıb, təhlükəsizlik boşluqları ilə bağlı 34 analitik hesabat hazırlanıb”, - deyə qurumun yaydığı məlumatda vurğulanır.

XRİTDX qeyd edir ki, görülən kompleks tədbirlər ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsinə və rəqəmsal dayanıqlığın artırılmasına xidmət edir.

4Sources