EN

Özbəkistan iqtisadiyyatda dövlət payının azaldılması təkliflərini nəzərdən keçirir

Bakı, 7 aprel, AZƏRTAC

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadiyyatda dövlətin iştirakını azaltmaq və özəlləşdirmə proseslərini sürətləndirmək üçün təkliflərin təqdimatını nəzərdən keçirib.

AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, Prezidentin sözlərinə görə, son illərdə Özbəkistan özəl sektorun inkişafı və investisiyaların cəlb edilməsi istiqamətində geniş tədbirlər görüb. Bu gün iqtisadiyyatda dövlətin payı 42 faiz, dövlət müəssisələrinin sayı isə 1685-dir. Xüsusilə, ötən il təxminən 30 trilyon sum (təqribən 2 milyard 500 milyon) dəyərində dövlət aktivləri özəlləşdirilib və büdcəyə 10 trilyon sumdan (təqribən 850 milyon dollar) çox gəlir gətirilib. Torpaq satışları da davamlı olaraq artaraq 6 trilyon (təqribən 493 milyon dollar) suma çatıb.

Dövlət başçısının sədrlik etdiyi müşavirədə qeyd olunub ki, özəlləşdirmə üçün maddi təşviq sistemi tətbiq edilib və vəsaitlərin bir hissəsi regionların sərəncamında qalıb. Ümumilikdə, son beş ildə özəlləşdirmə nəticəsində dövlət müəssisələrinin sayı 60 faiz azalıb.

Müşavirədə özəl müəssisələrin sahiblərinin qarşısında iş yerlərinin qorunması, müasir texnologiyaların tətbiqi və istehsalın səmərəliliyinin artırılması tələbləri qoyulub. Eyni zamanda, dövlət müəssisələrinin təhlili sistemi hələ də müasir rəqəmsal alətlərdən və süni intellekt imkanlarından tam istifadə etmir. 2024-cü ildə çətin maliyyə vəziyyəti olan 451 müəssisə zərərlə işləyib, ötən il isə onların sayı 362-y düşüb.

Özbəkistan lideri qeyd edib ki, buna görə də dövlət müəssisələrinin fəaliyyətinin dərin təhlili aparılmalı, onların maliyyə sabitliyinin qiymətləndirilməsi üçün yeni mexanizm tətbiq olunmalı və problemlərin erkən müəyyən edilməsi təkmilləşdirilməlidir.

Chosen
20
2
azertag.az

3Sources