EN

Xark adası İranın qırmızı xəttidir - rejim bütün riskləri alır

Fars körfəzində yerləşən Xark adası ətrafında baş verən son hadisələr regionda yeni hərbi-siyasi gərginliyin formalaşdığını göstərir. Bəllidir ki, İranın əsas neft ixrac mərkəzlərindən biri olan bu strateji nöqtə təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan kritik əhəmiyyət daşıyır.

Cərəyan edən proseslər fonunda İran tərəfi Xark adası ətrafında mümkün təxribatlara qarşı qəti cavab veriləcəyini açıqlayır və regionda hərbi balansın dəyişdirilməsinə imkan verməyəcəyini bildirir.
Onu da qeyd etmək yerinə düşər ki, Xark adası üzərindən gündəlik milyonlarla barel neft ixrac olunur və bu xəttin təhlükə altına düşməsi qlobal bazarlarda ciddi dalğalanmalara səbəb ola bilər. Bu baxımdan, tərəflər arasında baş verənlər artıq şantaj və qarşılıqlı təhdid ritorikasını xeyli gücləndirib.

Xark adası ətrafında baş verənlər real hərbi toqquşmanın başlanğıcıdır, yoxsa bu, tərəflərin bir-birinə qarşı psixoloji və strateji təzyiq oyunudur?

Məlumdur ki, ABŞ-ın bölgədəki hərbi fəallığı və İranın sərt reaksiyası Körfəz ölkələrini də seçim qarşısında qoyur. Onlar bu qarşıdurmada hansı mövqeni tutacaq? Region yeni bir böhran mərhələsinə qədəm qoyacaqmı?

Politoloq Əli Orucov Musavat.com-da diqqətə çatdırdı ki, Ağ Ev rəhbəri Tehranın razılaşmaya gəlməyəcəyi təqdirdə enerji və neft sahələrini, nəqliyyat infrastrukturunu məhv edəcəkləri, nefti ələ keçirəcəkləri, cəhənnəm yaradacaqları ilə hədələyib: " Trampın çılğınlığı qarşılığında rejim təmkinini pozmadan əvvəlki şərtlərindən geri çəkilməyəcəyini bəyan edib. Əgər ABŞ Xark adasına hücum edərsə və bu strateji bölgəni tutmağa çalışarsa, bunun ağır bədəlini ödəməlidir. Hörmüz boğazının açılması da riskli addım hesab edilir. Xark adasında İran neftinin 80-90 faizini dünya bazarına çıxaran əsas terminallar yerləşir. Adanın ABŞ tərəfindən işğalı İranın iqtisadiyyatının və gəlirlərinin çökdürülməsi demək olacaq. Ada gücləndirilmiş istehkamlarla qorunur. Ələ keçirilsə belə mütəmadi orda yerləşəcək hərbi kontingent SEPAH-ın atəşi altında qalacaq. Hörmüzün bağlı saxlanması dünya bazarında neftin bahalaşması və enerji tədarükü zəncirinin qırılması ilə yanaşı körfəz ölkələrini gəlirlərdən də məhrum edib. Xüsusən də, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri bir barel də satışa çıxara bilmir. İranın hava hücumları əsas gəlir gətirən sahələrdən olan turizm sektoru da iflic vəziyyətə düşüb. BƏƏ və Bəhreyn İrana hücumları legitimləşdirən sənədin qəbulu üçün BMT -yə müraciət etsə də, Çin, Fransa və Rusiya, yəni BMT Təhlükəsizlik Şurasının 5 üzvündən 3-ü tərəfindən bloklanıb. Zənn etmirəm ki, Körfəz ölkələri İrana qarşı hücumlarda iştirak etsin. Onlar hələ Tehranın zərbələrinə qarşı təmkinli davranmağa çalışırlar. Türkiyə, Misir və Pakistan Körfəz ölkələrinin müharibəyə qoşulmaması üçün diplomatik təşəbbüslərini artırmalıdırlar. Müharibənin arealının genişlənməsi onun həllini də çətinləşdirir və dağıntıları ölçüyə gəlməz dərəcədə artırır. Odur ki müharibə tərəfləri sərt və hədələyici ritorikadan maksimum qaçmalıdır. Çünki , həll yolu bu cür əldə oluna bilər".

Cavanşir Abbaslı
Musavat.com

Chosen
22
37
musavat.com

10Sources