EN

İmmun sistemini çökdürən səhv — Mayın sonuna qədər gözləyin


Havaların kəskin dəyişməsi virus infeksiyalarının aktivləşməsinə və mövsümi xəstəliklərin artmasına səbəb olur. Bu cür dəyişikliklər immun sistemini zəiflədir və xüsusilə uşaqlar, yaşlılar, eləcə də xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün daha yüksək risk yaradır. Nəmli və soyuq hava şəraiti isə bronxit və pnevmoniya kimi daha ağır fəsadların yaranma ehtimalını artırır.
Tibb eksperti Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, istənilən halda, hətta yay aylarında belə geyim forması hava şəraitinə uyğun seçilməlidir:
“Çünki gün ərzində temperatur fərqləri ciddi şəkildə dəyişə bilər: günorta saatlarında həddindən artıq isti olduğu halda, axşam saatlarında hava sərinləşə bilər. Məhz bu cür kəskin dəyişikliklər çox vaxt soyuqdəyməyə səbəb olur. Buna görə də geyim seçiminə daim diqqət yetirilməlidir. Soyuqdəymə zamanı orqanizmdə termorequlyasiya, yəni istilik tənzimi prosesi pozulur. Bu zaman viruslar daha aktivləşir, immun sistemi zəifləyir və tənəffüs yollarına daxil olan viruslar asanlıqla hüceyrələrə nüfuz edərək orqanizmdə yayılmağa başlayır. Ümumiyyətlə, soyuqdəymənin mexanizmi çox vaxt bu şəkildə inkişaf edir. Hətta orqanizmdə “yatmış” vəziyyətdə olan bəzi virus və mikroorqanizmlər, məsələn, herpes kimi infeksiyalar da bu fonda aktivləşə bilər. Bu baxımdan geyim məsələsinə ciddi yanaşmaq vacibdir. Xüsusilə yaz aylarında hava bir qədər isinən kimi bir çox insanlar avtomobildə və ya ev şəraitində dərhal kondisionerdən istifadə etməyə başlayır. Halbuki bu, arzuolunan deyil”. 
O tövsiyyə edib ki, havalar sabit şəkildə istiləşmədən təxminən may ayının sonları və iyun ayına qədər kondisioner və digər süni soyutma vasitələrindən istifadə edilməsin:
“Bu dövrə qədər daha çox təbii üsullara üstünlük verilməlidir. Məsələn, otaqların havalandırılması, təbii ventilyasiya üsullarından istifadə daha məqsədəuyğundur. Eyni zamanda, birbaşa hava axınına yelçəkən və ya “skvaznyak” deyilən şəraitdə uzun müddət qalmaqdan çəkinmək lazımdır, çünki bu da soyuqdəymə riskini artırır. Ev şəraitində belə, xüsusilə sərin havalarda geyimə diqqət yetirmək vacibdir. Bununla yanaşı, immun sistemini gücləndirmək üçün sağlam qidalanmaya üstünlük verilməlidir. Gündəlik rasionda meyvə və tərəvəzlərin, vitaminlərlə zəngin qidaların payı artırılmalı, orqanizmin müqavimət qabiliyyəti dəstəklənməlidir. Bu yanaşma həm soyuqdəymənin qarşısını almağa, həm də ümumi sağlamlığın qorunmasına kömək edir”.

Leyla Turan
Chosen
24
1
gender.az

2Sources