EN

Sandarmoxda güllələnən azərbaycanlı kim idi? – “Xalqın adamıyam” dediyi üçün ÖLDÜRDÜLƏR

Azərbaycanın istiqlal tarixində elə şəxsiyyətlər var ki, onların adı çox çəkilməsə də, gördükləri işlər dövlətin və xalqın taleyində mühüm rol oynayıb. Belə simalardan biri də Azərbaycan İstiqlal Bəyannaməsinə imza atanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Lənkəranın ilk general-qubernatoru Cavad bəy Məlik-Yeqanov idi. Onun həyatı siyasi mübarizə, repressiyalar, sürgün və Vətənə sədaqət nümunəsi ilə zəngin olub.

NOCOMMENT.az Cavad bəy Məlik-Yeqanov haqqında maraqlı faktları diqqətinizə çatdırır.

Cavad bəy Məlik-Yeqanov 1878-ci ildə indiki Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 1903–1917-ci illərdə Bakının neft mədənlərində işləyib və fəhlə hərəkatının içərisində formalaşıb. 1917-ci ildə Məhəmməd Əmin Rəsulzadənin məsləhəti ilə “Müsavat” partiyasına üzv qəbul edilib və partiyanın solçu fəhlə qanadının liderlərindən birinə çevrilib.

1918-ci ildə Azərbaycanın İstiqlal Bəyannaməsinə fəhlələrin adından imza atan Cavad bəy, həmin il fəhlələrin ümumi yığıncağının qərarı ilə Azərbaycan Cümhuriyyəti Parlamentinə millət vəkili seçilib. Parlamentdə o, əsasən fəhlələrin hüquqlarını müdafiə edib, sosial məsələlərin həlli üçün çıxışlar edib.

Javad

1919–1920-ci illərdə Lənkəran qəzasının general-qubernatoru vəzifəsində çalışan Cavad bəy burada maarif və sosial sahələrin inkişafına xüsusi diqqət yetirib. Lənkəranda olarkən o, maarif xadimi Teymur bəy Bayraməlibəyovun qızı, pedaqoq Məryəm xanımla tanış olub və ailə həyatı qurub.

Məryəm xanım xatirələrində Cavad bəylə bağlı maraqlı bir hadisəni belə xatırlayır: Bir nəfər ona “Zati-aliləri” deyə müraciət etdikdə, Cavad bəy onun sözünü kəsərək deyir: “Mən Azərbaycan Parlamentinin xüsusi səlahiyyətli nümayəndəsiyəm. Xahiş edirəm, mənə titulla müraciət etməyin. Mənə yoldaş deyin və köhnə vərdişlərdən əl çəkin”. Bu sözlər onun sadəliyini və xalq adamı olduğunu açıq şəkildə göstərirdi.

1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra Cavad bəy təqiblərə məruz qaldı və ümumilikdə 6 dəfə həbs olundu. Buna baxmayaraq, o, 1920–1927-ci illərdə Əmək Komissarlığında, 1927-ci ildən həbs olunana qədər isə Bakı İcra Komissarlığı idarəsində rəis müavini vəzifəsində çalışdı.

1930–1931-ci illərdə “Gizli Müsavat” partiyasının üzvü olmaq ittihamı ilə yenidən həbs edilən Cavad bəy 10 il müddətinə Kareliyanın Kem şəhərinə sürgün edildi. Sürgündə ağır əzablara məruz qalan Cavad bəy 1935-ci ildə Komidən həyat yoldaşına yazdığı məktubda belə deyirdi: “Sən çox yaxşı bilirsən ki, mən Vətənimi – Azərbaycanımı, xalqımı nə qədər sevirəm, hər şeydən üstün tuturam və hətta canımı onlara qurban verirəm…”.

Cavad bəy Məlik-Yeqanov 1937-ci ilin dekabrında Sandarmox (Medvejiya Qora) stansiyasında güllələnib. Onun həyat yoldaşı Məryəm xanım da həbs olunaraq ömrünün 19 ilini sürgündə keçirib. Qardaşı Bəhram bəy də onunla eyni taleyi yaşayaraq bir il sonra güllələnib.

Cavad bəy Məlik-Yeqanov Azərbaycan istiqlalı uğrunda mübarizə aparan, repressiyalara baxmayaraq əqidəsindən dönməyən və həyatını Vətəninə həsr edən tarixi şəxsiyyətlərdən biri kimi yadda qalıb.

Turan
NOCOMMENT.az

Chosen
16
nocomment.az

1Sources