EN

Deputat Arzuxan Əlizadə: Danılmaz faktdır ki, torpaqlarımızın uzunmüddətli Ermənistanın işğalı altında qalmasında Rusiya amili olub

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan XİN Dmitri Peskovun açıqlamalarına cavab olaraq bildirib ki, Qarabağ məsələsi siyasi manipulyasiya mövzusu ola bilməz. Qeyd olunub ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu fakt tarixə və beynəlxalq hüquqa əsaslanır. Nazirlik vurğulayıb ki, heç bir dövlət, o cümlədən Rusiya, Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına almayıb. Rəsmi Bakı bu cür açıqlamaların yolverilməz olduğunu bildirərək, məsələnin siyasiləşdirilməməsini gözlədiyini ifadə edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, aprelin 1-də Ermənistanın baş naziri Paşinyan Rusiyaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb, görüşdə bir sıra məsələlər müzakirə olunub: “Təəssüflər olsun ki, eyni zamanda Azərbaycanın 30 ilə yaxın müddət ərzində işğal altında qalmış əraziləri ilə bağlı məsələ də Rusiya prezidenti tərəfindən gündəmə gətirilib. Rusiya prezidenti Paşinyanı 2022-ci ildə, xüsusilə də Qarabağ bölgəsinin Azərbaycan ərazisi kimi tanınması faktını gündəmə gətirməklə onu bir növ qınaq obyektinə çevirmək istəyib. Ən azından, həmçinin bu gün seçki ərəfəsi dövrdə Paşinyana qarşı müxalif cəbhəyə növbəti dəfə Rusiyanın mesajını vermiş olub”.

“Bütövlükdə Rusiya rəhbərliyinin sərgilədiyi mövqe Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Vladimir Putindən sonra Peskov da açıqlamasında yenidən həmin bölgə ilə bağlı məsələni gündəmə gətirib. Onun müqabilində də Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı verildi. Haqlı olaraq, Azərbaycan ərazilərinin siyasi alver predmeti ola bilməsinin qəbuledilməzliyi ilə bağlı Azərbaycan tərəfinin haqlı mövqeyi sərgilənmiş oldu. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öz gücü ilə bərpa edilib. Bu da danılmaz faktdır ki, torpaqlarımızın uzunmüddətli işğal altında qalmasında da Rusiya amili olub. Burada gizli bir şey yoxdur. Biz öz gücümüzə torpaqlarımızı işğaldan azad etmişik. Həm Ermənistan, həm Rusiya, eləcə də Ermənistanın arxasında duran digər qüvvələr də bu reallıqla barışmaq məcburiyyətində qalıb.

Bu gün Rusiya tərəfinin bu faktı manipulyasiya etməsi və bununla özünün fərqli siyasət, Ermənistana yönəlik fərqli siyasət yürüdə bilməsi mesajını verməsi heç bir halda heç bir çərçivəyə sığmır. Bununla bağlı Azərbaycanın rəsmi mövqeyi də var. Faktiki olaraq Azərbaycan tərəfindən bu məsələ heç bir halda siyasi müzakirə mövzusu ola bilməz”-deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
bizimyol.info

1Sources