EN

“Bishir”: Sadə resept paylaşımlarını qazanca çevirən startap hekayəsi

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycanın startap ekosistemində innovativ ideyalarla seçilən layihələrdən biri də “Bishir” platformasıdır. Yemək həvəskarlarını bir araya gətirən bu sosial şəbəkə tətbiqi istifadəçilərə reseptlərini paylaşmaq, yeni kulinariya ideyaları öyrənmək, eyni zamanda, bundan gəlir əldə etmək imkanı yaradır. Qısa müddətdə diqqət çəkən layihə rəsmi olaraq startap şəhadətnaməsi də əldə edərək innovativ təşəbbüslər sırasında yer alıb. Platformanın əsas məqsədi yemək bişirməyi sevən insanları vahid bir icmada birləşdirmək və onların əməyini dəyərə çevirməkdir.

“Bishir” platformasının ideyası, inkişaf mərhələləri və gələcək planları barədə daha ətraflı məlumat almaq üçün “Bishir” MMC-nin təsisçisi və direktoru Nərmin Veysəlova suallarımızı cavablandırıb.

- “Bishir” MMC ideyası necə yaranıb və bu ideyanın formalaşmasında şəxsi təcrübə və bazar müşahidələrinin rolu nə olub?

- “Bishir” ideyası gündəlik həyatda gördüyümüz sadə bir ehtiyacdan yaranıb. Ətrafımızda çox insan evdə gözəl yeməklər bişirir, maraqlı reseptləri var, amma bunları paylaşa biləcəyi və dəyər qazana biləcəyi xüsusi bir yer yoxdur. Sosial şəbəkələrdə paylaşımlar edilir, amma adətən yalnız “bəyənmə” işarəsi ilə qalır, real faydaya çevrilmir. Bu müşahidələrdən sonra belə bir fikir yarandı: niyə yemək bişirən insanlar öz bildiklərini paylaşmasın, həm tanınmasın, həm də bundan qazanc əldə edə bilməsin? Məhz bu sual “Bishir” platformasının əsasını qoydu. İstədik ki, yemək sevənlər üçün ayrıca, rahat və səmimi bir mühit olsun — insanlar reseptlərini paylaşsın, bir-birindən öyrənsin və əməyinin qarşılığını hiss etsin. Beləliklə, yemək və mətbəx ətrafında qurulan, istifadəçiyə yaxın, sadə və anlayışlı bir sosial platforma ideyası ortaya çıxdı.

- Platformanın əsas fəaliyyət istiqamətləri hansılardır və “Bishir” istifadəçilərinə hansı imkanları təqdim edir?

- “Bishir” yemək sevənlərin bir araya gəldiyi sosial şəbəkə platformasıdır. Burada insanlar evdə bişirdikləri yeməklərin şəklini, videosunu, reseptini paylaşır, başqalarının paylaşımlarına baxır və yeni fikirlər öyrənirlər. Yəni “Bishir” sadəcə paylaşım yeri deyil, öyrənmək və ilham almaq məkanıdır. Platformanın maraqlı tərəfi odur ki, paylaşılan yeməyə sadəcə “bəyənmə” işarəsi ilə qarşılıq vermirsən — istəsən təşəkkür olaraq rəqəmsal hədiyyə göndərə bilərsən və bu hədiyyələr paylaşımı edən şəxsin real qazancına çevrilir. Beləliklə, insanlar əməyinin qarşılığını hiss edir və paylaşmaq daha maraqlı olur. “Bishir” təkcə sadə istifadəçilər üçün deyil. Biznes profillər də platformanın vacib hissəsidir. Restoranlar, qida markaları və istehsalçılar burada öz biznes profilini aça bilirlər. Bu profil vasitəsilə:

• Məhsullarını və xidmətlərini tanıda bilirlər,

• Fəaliyyət sahələrini göstərə bilirlər,

• Real istifadəçilərlə birbaşa əlaqə qura bilirlər.

Qısaca desək, “Bishir” həm istifadəçilər üçün paylaşım, tanınmaq və qazanc, həm biznes üçün etibarlı tanıtım və əlaqə, həm də hamı üçün səmimi yemək icması yaradır. Burada əsas məqsəd insanların əməyini görünən və dəyərli etməkdir (bishir.app).

- “Bishir” MMC hansı auditoriya üçün nəzərdə tutulub və istifadəçilər platformadan necə faydalanırlar?

- “Bishir” bir neçə konkret auditoriya üçün nəzərdə tutulub və hər biri platformadan fərqli şəkildə faydalanır. Evdə yemək bişirən insanlar və evdar xanımlar – öz bacarıqlarını göstərə, izləyici toplaya və hədiyyə sistemi vasitəsilə əlavə qazanc əldə edə bilirlər. Aşpazlar və kulinariya bloqerləri reseptlərini geniş auditoriyaya təqdim edə, şəxsi brendlərini gücləndirə və yeni izləyicilər qazana bilirlər. Yemək öyrənmək və yeni reseptlər axtaran istifadəçilər müxtəlif yeməklərin hazırlanma üsullarını öyrənir, yeni ideyalar tapır və gündəlik mətbəxlərini zənginləşdirirlər. Qida sahəsində fəaliyyət göstərən bizneslər və markalar məhsullarını tanıda, yeni müştərilərə çata və fəaliyyətlərini geniş auditoriyaya göstərə bilirlər.

Qısaca desək, “Bishir” müxtəlif auditoriyaları bir araya gətirərək yemək paylaşan insanlar üçün bacarıqlarını göstərmək və qazanc əldə etmək, bizneslər üçün isə məhsul və xidmətlərini birbaşa hədəf auditoriyasına tanıtmaq üçün effektiv bir platforma rolunu oynayır.

- Startap fəaliyyətinizdə maliyyə dəstəyi məsələsi necə həll olunur? Dövlət qurumları və ya fondlardan hər hansı dəstək alınıbmı?

- “Bishir” layihəsinin ilkin inkişaf mərhələsi şirkətin ortaqları və investorlarının investisiyaları hesabına maliyyələşdirilib. Bu investisiyalar həm maliyyə resurslarını, həm texnologiya və marketinq sahəsində qoyulan strateji resursları əhatə edib və platformanın bazara çıxmasına imkan yaradıb. Hazırda layihənin növbəti inkişaf mərhələsində platformanın funksional genişlənməsi, beynəlxalq bazarlara çıxışı üçün yeni investisiya və strateji tərəfdaşlıq imkanları da dəyərləndirilir.

- “Bishir” platforması startap kimi hansı mərhələlərdən keçib və hazırda hansı inkişaf mərhələsindədir?

- “Bishir” layihəsi ideya mərhələsindən başlayaraq mərhələli şəkildə inkişaf etdirilib. İlkin mərhələdə platformanın konsepsiyası hazırlanıb, texnoloji infrastrukturlar qurulub və bazar ehtiyacları araşdırılıb. Layihə ilk andan etibarən monetizasiya funksionallığı ilə birlikdə istifadəçilərə təqdim olunub. Hazırda startap aktiv inkişaf və böyümə mərhələsindədir. Platforma artıq xarici bazarlarda fəaliyyətə başlayıb, gələcəkdə funksionallığını genişləndirmək, istifadəçi bazasını artırmaq və biznes tərəfdaşlıqlarını gücləndirmək planlaşdırılır.

- Gənc startaplara və yeni layihələrə, xüsusilə bazar araşdırması, istifadəçi ehtiyaclarının müəyyənləşdirilməsi sahəsində hansı strateji tövsiyələri verərdiniz?

- Startap qurmaq sadəcə bazar araşdırması, planlama və texniki detallar deyil — bunları artıq hər kəs edir. Ən önəmlisi motivasiya və disiplindir. Daxildən gələn bir səbəb olmalıdır, səni irəliləməyə təşviq edən, çətinliklərdə geri çəkilməyəcəyin bir güc. Əgər bu səbəb yoxdursa, yolun çətinliyində tez dayanacaqsan.

- “Bishir” MMC beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq imkanlarını necə qiymətləndirir? Xarici şirkətlərdən hər hansı əməkdaşlıq təklifləri alınıbmı və gələcəkdə bu istiqamətdə hansı planlar mövcuddur?

- “Bishir” layihəsi üçün beynəlxalq əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Platforma artıq xarici bazarlarda fəaliyyət göstərir və gələcəkdə bu fəaliyyəti daha da genişləndirməyi planlaşdırır. Məqsəd yalnız istifadəçi sayını artırmaq deyil, həm istifadəçilər, həm də biznes tərəfdaşları üçün daha çox funksional imkan və inteqrasiyalar təqdim edərək, platformanı dünyada qida sahəsinə yön verən lider sosial şəbəkə platformalarından birinə çevirməkdir.

Chosen
41
1
azertag.az

2Sources