EN

ABŞ-dən Azərbaycana pul köçürmələri artıb: Rusiyanı əvəz edə bilər?

2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 76 milyon 397 min ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, 2024-cü illə müqayisədə 26,4 % azdır. Hesabat dövründə Azərbaycandan ABŞ-yə daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 11,5 %-dən 15,1 %-ə qalxıb.

İl ərzində ABŞ-dən Azərbaycana isə fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur.

Hesabat dövründə ABŞ-dən Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 6 %-dən 8,6 %-ə qalxıb.

Xatırladaq ki, ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bunlar, əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % çox və 4,1 % azdır.

Qeyd edək ki, azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələri əsasən Rusiya, Türkiyədə yaşayan soydaşlarımız tərəfindən həyata keçirilir.

ABŞ-dən Azərbaycan pul köçürmələrinin 55 faiz artması orada yaşayan soydaşlarımızın sayının artması ilə bağlıdırmı və azərbaycanlılar orada əsasən hansı sahələrdə çalışırlar?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli "Cebheinfo.az"-a bildirib ki, ümumilikdə Rusiyadan pul köçürmələrində əhəmiyyətli dərəcədə azalma var:

"Ancaq yenə də Rusiya bununla bağlı 1-ci yerdədir. Nə qədər azalsa da, Amerikadan gələn pul baratları ilə müqayisədə 3-4 dəfə çox pul gəlir. Amerikadan ölkəmizə pul köçürmələrində də artım var.

Bu o demək deyil ki, orada yaşayan azərbaycanlıların sayı iki dəfə artıb. Amerikada yaşayan azərbaycanlılar son dövrlər 50-60 min nəfər hesab olunur. Orada müxtəlif, kiçik biznes, elm və təhsil, maliyyə, IT sahəsində çalışır və ailələrinə pul göndərirlər. 

Rusiyadan pul köçürmələrin azalmasının səbəbi müharibə, sanksiya, ölkədə vəziyyətin pisləşməsidir. Eləcə də Rusiyada yaşayanların da bir hissəsinin vəziyyəti o qədər yaxşı deyil, həm də ödəniş sistemləri ilə bağlı da problem var.

Sanksiyalar əvvəlki qədər rahat pul göndərməyə imkan vermir. Amerikada iqtisadi vəziyyət yaxşıdır. Orada azərbaycanlıların sayı tədricən çoxalır və ailələrinə pul göndərə bilirlər. Bu o demək deyil ki, Rusiyanı yaxın gələcəkdə əvəz edə biləcək.

Rusiyada soydaşlarımız çoxdur. Bir sıra amillər iqtisadi vəziyyətdən asılıdır. Rusiyada vəziyyət yaxşılaşdıqca pul köçürmələri də çoxalacaq. Başqa ölkədən pul köçürmələri yaxşıdır, ancaq ən yaxşısı elə ölkənin özündə pul qazanmaq imkanının olmasıdır.

Amerikada azərbaycanlıların sayının artmasına dair isə heç bir məlumat yoxdur. Cüzi artımlar var, ancaq tədricən insanlar işlərini qaydasına salırlar".

Chosen
33
1
cebheinfo.az

2Sources