EN

Türkiyəli yazıçı “İrəvanda Hal Qalmadı” adlı kitab yazıb

ain.az, Azxeber.com saytına istinadən bildirir.

Türkiyənin tanınmış yazarı Bülənt Gürçam "İrəvanda Hal Qalmadı” adlı kitab yazıb.

AZXEBER.COM xəbər verir ki, bu əsər İrəvan və ətrafında yaşayan türklərin yurdlarından zorla köçürüldüyü dövrlərin acısını əks etdirən ağıtdan ilhamlanıb. 

Kitab bir xalqın tarixə yazılmamış harayını daşımaq məqsədini güdür. İrəvandan Zəngəzur, Göyçədən Dərələyəzə, Canfidəyə qədər uzanan coğrafiyanın sessiz acısını, itkilərini, ölümləri, parçalanmış ailələri və arxada qoyulan torpaqları əks etdirir. İrəvandan Iğdıra, oradan isə Brüsselə uzanan köç hekayəsi bu kitabda bir araya gətirilib. 

Əsər həmçinin, beynəlxalq hüquq çərçivəsində türklərin haqq və hüquqlarını vurğulayır, eyni zamanda iki xalqın yenidən birgə yaşaya bilməsi üçün sülh və körpülərin qurulması ideyasını əsas məqsəd kimi göstərir.

Yazıçının bioqrafiyası - Bülent Gürçam

Bülent Gürçam kökləri İrəvana uzanan bir ailənin övladı olaraq İğdırda dünyaya gəlib. Atası Fərman Gürçam 1931-ci ildə İrəvandan köç edib, hələ uşaq yaşlarında anasının qucağında Araz çayını keçərək İğdıra sığınıb. Bülentin uşaqlığı atasının və ailə üzvlərinin danışdığı səssiz hekayələr, yarım qalmış bir yurdun kölgələri və heç görmədiyi İrəvanın xəyalları ilə formalaşıb.

Gənc yaşlarında fotoqrafiya və jurnalistikaya yönəlib. Peşə fəaliyyətinə "Son Havadis”də başlayıb, daha sonra "Tercüman” və "Hürriyet” qəzetlərinin Brüssel bürosunda çalışıb.

1980-ci illərin sonlarında Belçikada ilk Azərbaycan Mədəniyyət Dərnəyini qurub və qısa müddətdə Qafqaz diasporasının tanınmış simalarından birinə çevrilib. 1987-ci ildə Brüsseldə yaratdığı "Kafkaz Kafe”si yalnız bir məkan olmayıb, Azərbaycan, Türkiyə və Qafqaz xalqlarının görüş nöqtəsi, mədəni yaddaşın yenidən canlandığı bir mərkəz olub.

Belçikada ilk türk qəzeti olan "Qürbət” qəzetini nəşr edib, eyni zamanda radio yayımına başlayıb, müxtəlif jurnallarda yazılar yazıb. Azərbaycanla əlaqələri burada da davam edib. Gənc yaşda kiril əlifbasını öyrənməsi ona Sovet dövründə yazılmış mənbələrə çıxışı asanlaşdırıb və onu Bakıda "Vətən” Cəmiyyəti ilə əlaqə quran ilk Avropalı türk jurnalistlərdən birinə çevirib.

Yazıları "Odlar Yurdu” qəzetində dərc olunub. 1989-cu ildə Bakıda qurulan "Vətən” Cəmiyyətinin rəhbəri Abid Tahirli ilə birlikdə Brüsseldə ilk rəsmi diaspora toplantısını təşkil edib. 1990-cı ildəki müstəqillik hərəkatı zamanı Bakıya gedərək tarixi hadisələrin şahidi olub. 20 Yanvar hadisələrini çəkdiyi görüntülərlə Avropaya çatdırıb, TF1 kimi beynəlxalq media qurumlarına ötürərək dünyanın bu faciədən xəbərdar olmasına töhfə verib. Bu materiallar "Hürriyet” qəzetində geniş şəkildə dərc olunub.

1995-ci ildə Belçikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasında iştirak edib və uzun müddət burada mədəniyyət və diaspora üzrə məsləhətçi kimi çalışıb. Eyni zamanda beynəlxalq hüquqa maraq göstərərək 2000-ci ildə Bakıda təhsil alıb, 2005-ci ildə Beynəlxalq hüquqşünas ixtisasını bitirib.

2004-cü ildə Brüsseldə Dünya Gömrük Komitəsinin qarşısına öz layihəsi əsasında Dədə Qorqud heykəli qoyub və bu heykəlin açılışını Azərbaycan Prezidenti İlham Əliyev edib.

Şahanə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
azxeber.com

1Sources