Azərbaycanda dini baş örtükləri ləğv olunur, inanclılara milli örtüyümüz olan kəlağayi təklif edilir.
Belə ki, Musavat.com xəbər verir ki, ölkədə rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.

Bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur.
Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kələğayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.
Mövzu ilə bağlı millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Musavat.com-a danışıb. Millət vəkili kəlağayinin dini baş örtüklərinə alternativ kimi təşviq edilməsinin çox yaxşı bir ideya olduğunu deyib:
“Yəni biz milli geyimlərimizi, xüsusilə paltarlarımızı təbliğ etməli və onların təşviqinə çalışmalıyıq. Hətta özümüzün modelini yaratmaq da məqsədəuyğun olar. Məsələn, bizim gözəl kəlağayımız var və son vaxtlar xanımlar tərəfindən onun daha geniş formada istifadə olunmasının gündəmə gətirilməsi çox müsbət haldır. Bu baxımdan təşviq məsələsi doğrudur və faydalıdır. Lakin mən düşünürəm ki, bu təşviq məcburi olmamalıdır. Daha çox maarifləndirmə və təbliğat yolu ilə həyata keçirilməlidir. Əks təqdirdə, gələcəkdə cəmiyyətdə müəyyən gərginliklər yarana bilər və bundan müəyyən kənar qüvvələr də istifadə edə bilər. Bu məsələnin həssaslığı bundandır ki, o, müxtəlif dini baxışlara malik olan fərqli ölkələrdə müxtəlif yanaşmalarla qiymətləndirilir. Ona görə də, bu sahədə fəaliyyətin daha çox maarifləndirmə və təşviq yolu ilə aparılması məqsədəuyğundur, çünki bu, inanc məsələsidir. Bu gün məktəblərdə hicabla bağlı müəyyən məsələlər gündəmə gəlir və bu cəmiyyətdə müəyyən müzakirələr yaradır. Ona görə də düşünürəm ki, bu məsələlərdə maksimum dərəcədə ehtiyatlı olmaq və daha çox maarifləndirmə və təbliğata üstünlük vermək lazımdır. Azərbaycan bu məsələdə müxtəlif ölkələrin modellərini və təcrübələrini izləyir. Müxtəlif dini görüşləri nəzərə alaraq, bəzi dini kəsimlərin həssas olduğunu görürük. Bu baxımdan, maarifləndirmə yolu ilə bu prosesin həyata keçirilməsi ən məqsədəuyğun yoldur”.
Xatırladaq ki, tarixi baxımdan kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kələğayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.
Xalidə Gəray
Musavat.com