
Yaxın Şərqdəki münaqişə nəticəsində enerji daşıyıcılarının qiymətinin qalxması Britaniyanın ənənəvi qızardılmış balıq və kartof yeməyinin ("fiş-end-çips") istehsalına mənfi təsir göstərib.
AFN.az xəbər verir ki, bu barədə bazar günü "Agence France-Presse" (AFP) məlumat yayıb. Agentliyin məlumatına görə, münaqişə başlamazdan əvvəl ingilis balıqçıları Şimal dənizində bu fastfudun əsas inqrediyentləri olan pikşa və treska balıqlarının ovu üçün təxminən 5 min funt-sterlinq xərcləyirdilər.
Sonradan yanacaq xərcləri ən azı iki dəfə artıb. Balıqçılardan biri agentliyə bildirib: "Sonuncu səfərimizdə təxminən 10 min funt-sterlinq xərclədik". O vurğulayıb ki, bu templə illik əlavə xərcləri 100 min funt-sterlinqi keçə bilər.
Qeyd olunur ki, yanacaq xərclərinin artması balığın qiymətinə dərhal təsir göstərməsə də, istehsalçılar restoranlarda müştəri axınının azalması nəticəsində tələbatın aşağı düşməsindən narahatdırlar.
Martın sonu - aprelin əvvəllərində ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları və Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda Avropada yanacağın qiymətində kəskin artım başlayıb.