Son günlər Bakı və ətraf ərazilərdə yağan aramsız yağışlar açıq-aydın göstərdi ki, problem təkcə təbii hadisələrdə deyil.
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsinin yaranması, yolların bağlanması, yaşayış məntəqələrinin su altında qalması artıq adi hal alıb.
Rəsmi qurumlar vəziyyəti əsasən “normadan artıq yağıntı” bəhanəsi ilə izah etsə də, reallıq daha fərqlidir.
Aprelin 4-də baş nazir Əli Əsədovın sədrliyi ilə keçirilən müşavirədə martın 26–28-də baş verən sel və leysan yağışlarının nəticələri müzakirə olundu. Nazirlər Kabinetinin açıqlamasına görə, aidiyyəti qurumlara tapşırıqlar verilib. Amma cəmi bir neçə gün sonra eyni mənzərə yenidən təkrarlanırsa, bu tapşırıqların effektivliyi ciddi suallar doğurur. Yağışlar barədə öncədən xəbərdarlıq edilir. Qabaqlayıcı tədbirlər əvəzinə intensiv yağışı trolları vasitəsilə cəmiyyətə təbii fəlakət kimi sırımağa çalışırlar.
Əslində, problem yeni deyil. Son illərdə paytaxtda və xüsusilə Abşeron yarımadasında hər güclü yağışdan sonra eyni ssenari yaşanır: küçələr su altında qalır, evlərə ziyan dəyir, infrastruktur iflic olur.
Ekspertlər səbəbi aydın şəkildə göstərirlər: drenaj sisteminin olmaması, plansız tikinti, normativlərə əməl olunmaması və illərlə həllini tapmayan kanalizasiya problemləri. Şəhərin yuxarı hissələrində aparılan nəzarətsiz tikinti işləri torpaq sürüşmələrini sürətləndirir, su axınlarının təbii istiqamətini dəyişir. Kanalizasiya sisteminin yetərsizliyi isə hər yağışı daşqına çevirir. Hələ gölllərin qurudularaq maklerlərə satılması, onların da keyfiyyətsiz evlər tikib, biçarə, "başlarını salmağa dam axtaran" imkansız ailələrə satması ayrı bir dərd, ayrı bir araşdırmalı mövzudur. Bu çetenin başında kim durur?
20 ilə yaxlndır bu problemlərin həlli üçün böyük maliyyə vəsaitləri ayrıldığı dəfələrlə bəhbəhlə qeyd olunub. Lakin nəticə göz önündədir: nə suyun idarə olunması sistemi müasirləşib, nə də şəhər planlaşdırılması dayanıqlı prinsiplərə əsaslanıb. Bu isə vəsaitlərin necə və nə dərəcədə səmərəli istifadə edildiyi ilə bağlı haqlı suallar yaradır.
Digər tərəfdən, vətəndaşların narazılığı da artır. Sanki bilərəkdən inamsızlıq yaradılır, dövlətdən narazı salınır vətəndaşlar.
Xüsusilə Abşeronun bəzi ərazilərində insanlar təkcə sel sularından deyil, eyni zamanda içməli suyun, işığın verilməsində yaranan problemlərdən şikayətlənirlər. Fövqəladə hallarda operativ müdaxilənin gecikməsi ilə bağlı sosial şəbəkələrdə aşıb-daşan şikayətlər vəziyyəti daha da gərginləşdirir.
Hələ 2 il öncə belə hadisələr insan itkisinə səbəb oldu. Həmin keçiddə 2 ilə hansı tədbir görüldü? Xatırladım ki, 2024-cü ilin oktyabrında Sabunçu rayonunda tunelin su altında qalması nəticəsində iki nəfər həyatını itirdi. Elə 2 il öncə problemin nə qədər ciddi olduğunu göstərdi bu faciə...
Bütün bunların fonunda hər dəfə yağışı günahlandırmaq nə dərəcədə doğrudur? Əgər eyni problemlər illərlə təkrarlanırsa, məsələ artıq təbiətdə deyil, yarıtmaz kadrlarla bol olan idarəetmə sistemində axtarılmalıdır. Bakı üçün əsas fəaliyyət bu biabırçı nəticələri doğuran səbəbləri aradan qaldırmaqdır. Əks halda, növbəti yağış yenə eyni mənzərəni təkrarlayacaq, gün çıxacaq hər şey yaddan çıxacaq.
Elnurə Abuşova