EN

Sel və daşqınların uzaq FƏSADI – Professordan XƏBƏRDARLIQ

Dağıstanda sel və daşqınlardan sonra Hepatit A virusuna qarşı təcili peyvəndləmə kampaniyasına start verilib.

Musavat.com xəbər verir ki, buna bölgədə baş verən güclü daşqınlar nəticəsində infeksiya ocaqlarının yaranma riskinin kəskin artması səbəb olub.

İlk növbədə iaşə və qida ticarəti sahəsinin işçiləri, mətbəx personalı, kanalizasiya şəbəkələrinin əməkdaşları, həmçinin fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər və müvəqqəti sığınacaqlarda yerləşdirilən sakinlər vaksinasiya olunacaqlar. Bununla yanaşı, Dağıstanın Kaspiysk şəhərində 30-dan çox sakin zəhərlənmə əlamətləri ilə tibbi yardıma müraciət edib. Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin məlumatına görə, ilkin ehtimallara əsasən, kütləvi zəhərlənməyə səbəb içməli sudan istifadə olub.

Xatırladaq ki, martın 28-də Dağıstanda baş verən güclü leysan yağışları və qasırğa bir çox rayonlarda dağıdıcı sel və daşqınlara yol açıb.

Bəllidir ki, Azərbaycanda da az öncə güclü yağış və leysanlar nəticəsində bir çox yaşayış məntəqələrində daşqın və sel qeydə alınıb. Odur ki, sual yaranır: belə peyvəndləmə Azərbaycanda da aparılacaqmı? Ehtiyac varmı?

Dünya təcrübəsi göstərir ki, sel və daşqınlardan sonra ən böyük təhlükə məhz infeksion xəstəliklərin yayılması ilə bağlı olur. Beynəlxalq qurumların, xüsusilə ÜST-ün məlumatlarına görə, sel suları çox vaxt kanalizasiya, tullantı və çirkli mənbələrlə qarışdığı üçün içməli su ehtiyatlarını çirkləndirir. Nəticədə ən çox yayılan xəstəliklər ishal, vəba, tif kimi su vasitəsilə keçən infeksiyalar olur. Məsələn, müxtəlif illərdə Afrika və Asiya ölkələrində baş verən daşqınlardan sonra məhz bu tip xəstəliklərin kəskin artdığı qeydə alınıb .

Eyni zamanda, daşqınlardan sonra durğun su sahələrinin yaranması ağcaqanadların çoxalması üçün ideal şərait yaradır. Bu isə malyariya, denqe kimi xəstəliklərin yayılmasına səbəb olur. 2025-ci ildə Pakistanda baş verən güclü daşqınlardan sonra milyonlarla insanın yaşadığı ərazilərdə həm vəba, həm də ağcaqanad mənşəli xəstəliklərin artdığı bildirilirdi.

Digər bir risk isə çirkli su ilə təmas nəticəsində yaranan xəstəliklərdir. Məsələn, Braziliyada daşqınlardan sonra leptospiroz adlı bakterial infeksiyanın geniş yayıldığı və hətta ölüm halları ilə nəticələndiyi qeydə alınıb . Bu xəstəlik əsasən siçan və digər heyvanların ifrazatları ilə çirklənmiş sular vasitəsilə yayılır.

Sel və daşqınlar yalnız su ilə bağlı xəstəliklərlə məhdudlaşmır. Qida məhsullarının çirklənməsi də ciddi problem yaradır. Çünki su altında qalan ərzaqlar bakteriya və viruslarla yoluxa bilər və bu da qida zəhərlənmələrinə səbəb olur. Bundan əlavə, daşqınlardan sonra müvəqqəti sığınacaqlarda insanların sıx yaşaması müxtəlif infeksiyaların daha sürətlə yayılmasına şərait yaradır .

Cərrah-həkim, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Hepatit A virusu infeksiyon-hepatitdir. O, adətən fekal-aral yolu ilə yayılır. Yəni bunun yayılma yollarının biri odur. Bundan başqa, təbii ki, hava-damcı yolu ilə də yayılır. Ona görə də belə situasiyalarda yəqin ki, hansısa bir ocaq olub və yaxud şübhə olub ki, bu cür vaksinasiya başlamağa qərar veriblər. Mən hesab edirəm, düzgün qərardır. Çünki bu yayılsa, kütləvi şəkil ala bilər. O baxımdan da bu yerli bir qərardır və bizdə bu baş verəcək-verməyəcək deyə bilmərəm. Hər halda, bu, səhiyyə orqanlarının, rəhbərlərinin verəcəyi qərardır.

Amma hesab edirəm ki, bu cür daşqınlardan sonra, əslində, daşqınlara məruz qalan əhali hissəsinin nəzarəti götürülməsi şərtdir. Həmin zonalarda karantin elan olunması yaxşı olardı. Bir müddət ərzində, hər hansı bir infeksiya, o cümlədən A hepatiti baş verirsə, yəqin ki, müvafiq tədbirlərin görülməsi həyata keçirilə bilər”.

Mütəxəssislərə görə, bu cür hava şəraitində yalnız təmiz və qaynadılmış su istifadə olunmalıdır. Sel suyuna və ya palçıqlı ərazilərə mümkün qədər toxunmamaq, xüsusilə açıq yaralarla təmasdan qaçmaq vacibdir. Qida məhsullarının təmizliyinə ciddi nəzarət edilməli, suya düşmüş və ya şübhəli ərzaqlar istifadə olunmamalıdır. Həmçinin, gigiyena qaydalarına – əllərin tez-tez yuyulmasına, dezinfeksiyaya xüsusi diqqət yetirilməlidir.

Ümumilikdə dünya təcrübəsi göstərir ki, sel və daşqınların yaratdığı əsas təhlükə çox vaxt suyun özü deyil, onun gətirdiyi infeksiyalardır. Ona görə də belə hava şəraitində əsas məsələ yalnız fiziki təhlükələrdən deyil, görünməyən mikrobioloji risklərdən də qorunmaqdır.

Afaq Mirayiq,
Musavat.com

Chosen
27
1
musavat.com

10Sources