Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Liv Bona Dea” Hospital “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərli arasındakı məhkəmə prosesi davam edir.
Axşam.az xəbər verir ki, N.Köçərli məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, xəstəxanada keçirdiyi əməliyyatdan sonra vəziyyəti pisləşib:
"Bilməyənlər üçün qısaca deyim: 14 yanvarda adıçəkilən xəstəxanada əməliyyat olunmuş, anestesiyanın çox gec verilməsindən və tibb personalının kobud rəftarından fiziki və mənəvi zərbə almışam. Xəstəxanada olduğum 3 gün ərzində dəfələrlə şikayət etsəm də, baxılmayıb. Artlq evdə olarkən, nisbətən özümə gələndən sonra xəstəxanada yaşadığım pis təcrübə barədə şəxsi sosial şəbəkəmdə paylaşım etdim. Buna görə də "Liv Bona Dea" məni məhkəməyə verib, 222 000 manat təzminat tələb edir.
Hazırlıq iclası martın 4-də olub. Aprelin 7-də bu işə baxılacaq. Əməliyyatdan sonra iki ay yarım vaxt keçdi. Amma mən hələ də özümə gələ bilmirəm, əksinə, səhhətimdə daha da böyük problemlər yaranıb. Demək olar ki, hər gün həkimlərdəyəm. Azərbaycanda analoqu olmayan məhkəmə prosesinə hazırlaşıram. Qorxulu filmlərin qəhrəmanı kimi hiss edirəm özümü: canımı qurtarsam da, xəstəxananın təqibindən xilas ola bilmirəm.
7 apreldə saat 11-də Nəsimi rayon məhkəməsində "Liv Bona Dea" xəstəxanasının mənə qarşı iddiasına baxılacaq. Məhkəmə iclası hər kəsin üzünə açıqdır. Bütün proseslə bağlı ətraflı məlumat verəcəyəm".
Qeyd edək ki, N.Köçərli sözügedən xəstəxanada əməliyyat olunan zaman tibb müəssisəsində ona biganə yanaşıldığını və baxımsız vəziyyətdə qaldığını açıqlayıb.
“Liv Bona Dea” Hospitalı isə N.Köçərlinin paylaşımının onların nüfuzuna xələl gətirdiyini deyərək məhkəməyə müraciət edib. Onlar qarşı tərəfdən 222 min manat təzminat tələb edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.