EN

Taksi qiymətləri bahalaşacaq SƏBƏB BUDUR KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

Yağışlı və digər əlverişsiz hava şəraitində taksi xidmətlərinə tələbatın artması ilə paralel olaraq qiymətlərin kəskin yüksəlməsi cəmiyyətdə tez-tez narazılıqlara səbəb olur. Xüsusilə, qısa müddət ərzində tariflərin bir neçə dəfə bahalaşması bu sahədə tənzimləmə mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələri aktuallaşdırır.

Bəs belə halların qarşısını almaq üçün taksi xidmətlərində vahid tarif sistemi tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, taksi xidmətlərində vahid tarif sisteminin tətbiqi məqsədəuyğun deyil.

Onun sözlərinə görə, bu sahədə qiymətləri inzibati qaydada tənzimləmək bazar mexanizmlərinə ziddir:

“Biz bilirik ki, taksi qiymətlərini bazar özü tənzimləyir. Tarif Şurası bu istiqamətdə müdaxilə etmir və bu da doğru yanaşmadır. Tələbat artdıqda qiymətlər yüksəlir, azaldıqda isə enir. Bu, yalnız taksi sektorunda deyil, bütün xidmət sahələrində müşahidə olunan təbii prosesdir.”

Ekspert qeyd edib ki, hazırda bazarda fəaliyyət göstərən çoxsaylı taksi operatorları və mobil tətbiqlər qiymətlərin formalaşmasında mühüm rol oynayır.

“Mobil tətbiqlər vasitəsilə sərnişinlər daha sərfəli qiymət təklif edən xidməti seçə bilirlər. Əgər hansısa operator daha yüksək qiymət təklif edirsə, istifadəçi alternativ xidmətə yönəlir. Bu da bazarda sağlam rəqabət yaradır və qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısını müəyyən qədər alır.”

Yasin Mustafayev vurğulayıb ki, buna baxmayaraq, bəzi hallarda sui-istifadə hallarının qarşısı alınmalıdır.

“Əsas məsələ bazarın sərbəst fəaliyyətinə mane olmadan şəffaflığın və istehlakçı hüquqlarının qorunmasıdır. Vahid tarif və ya tətbiq sisteminin yaradılması rəqabəti zəiflədə və xidmət keyfiyyətinə mənfi təsir göstərə bilər”.

Beləliklə, mütəxəssisin fikrincə, taksi xidmətlərində qiymətlərin tənzimlənməsi inzibati müdaxilə ilə deyil, bazar prinsipləri və rəqabət mühiti çərçivəsində həyata keçirilməlidir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
konkret.az

2Sources